Dendrologiya İnstitutu və Qazaxıstanın Mikroorqanizmlər Kolleksiyasının Elmi-Tədqiqat İnstitutu birgə seminar keçirib
Bakı, 11 avqust, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu Qazaxıstan Respublikası Mikroorqanizmlər Kolleksiyasının Elmi-Tədqiqat İnstitutu ilə birgə seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Meşələrin biomüxtəlifliyini, meşə ərazilərində müasir elmi tədqiqatları nəzərdən keçirərək birgə həyata keçirilə biləcək perspektivli sahələrlə tanışlıq” adlı elmi seminarda Dendrologiya İnstitutu və Qazaxıstanın Mikroorqanizmlər Kolleksiyasının alimləri iştirak ediblər.
Qazaxıstanın Mikroorqanizmlər Kolleksiyasının direktoru hüquqşünas Jandarbek Bekşin Dendrologiya İnstitutu ilə sıx əlaqələrinin olduğunu vurğulayıb. O, 2017-ci il sentyabrın 17-18-də Dendrologiya İnstitutunda keçirilən MDB ölkələri Botanika Bağları Cəmiyyətinin IV qurultayından bəhs edərək, mövzu ətrafında ətraflı məlumat verib.
Sonra Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən dosent Minarə Həsənova iqlim dəyişiklikləri və bunun canlı aləmə təsirinin dünya birliyini getdikcə daha çox narahat etdiyini diqqətə çatdırıb. Dendrologiya İnstitutunun elmi potensialı barədə məlumat verən alim müəssisədə fəaliyyət göstərən laboratoriyalar, elmi əməkdaşlıq, gələcəkdə birgə tədqiqatların aparılması, elmi kadrların hazırlığı və mübadiləsi, nəşrlərin və tədris materiallarının mübadiləsinin təşkili, müştərək seminarlarda və akademik görüşlərdə iştirak edilməsi məsələlərindən danışıb.
Seminarda hər iki ölkənin alimləri təqdimatlarla çıxış ediblər.
Mövzu iştirakçılar tərəfindən maraqla qarşılanıb, suallar ətrafında geniş müzakirələr aparılıb.