Dendrologiya İnstitutunda gənc elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirilir
Bakı, 19 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biologiya və Tibb Elmləri Bölməsinin və Dendrologiya İnstitutunun Elmi Şurasının birgə iclası keçirilib. Bu barədə AZƏRTAC-a Dendrologiya İnstitutundan məlumat verilib.
İclasda Dendrologiya İnstitutunun 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabat dinlənilib.
İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov məruzə ilə çıxış edərək cari ildə 1 problem, 8 mövzu, 8 iş və 35 mərhələ üzrə aparılan elmi-tədqiqat işləri və alınan nəticələrdən danışıb.
Məruzəçi qeyd edib ki, son illər fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi xeyli möhkəmlənib, institutun beynəlxalq əlaqələri genişlənib, əməkdaşlar bir neçə beynəlxalq konfransda iştirak ediblər. İmpakt faktorlu jurnallarda çap olunan məqalələrin sayı xeyli artıb.
T.Məmmədov institutda gənc elmi kadrların hazırlanmasına xüsusi diqqət yetirildiyini qeyd edərək, doktorant və dissertantlar üçün hər cür şərait yaradıldığını, elmi tədqiqatların müasir avadanlıqla təchiz olunmuş laboratoriyalarda aparıldığını bildirib.
İnstitutun direktoru 2018-ci ildə Azərbaycanın bir sıra bölgələrinə olan elmi ekspedisiyalar, dendrofloranın müasir vəziyyəti haqqında məlumat verərək, “Azərbaycan dendroflorası” kitabının IV cildinin və “Azərbaycanda İtburnu cinsi növlər təbii və mədəni şəraitdə” kitabının çap olunduğunu qeyd edib.
Hesabat ətrafında çıxış edənlər institutun fəaliyyəti və əldə olunan nəticələri qənaətbəxş hesab ediblər.
İclasda Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibinin müavinləri, AMEA-nın müxbir üzvləri Zeynal Əkpərov və Nuru Bayramov iştirak ediblər.