Dendrologiya İnstitutunda koronavirusla mübarizədə sakitləşdirici təsirə malik bitkilər yetişdirilir
Bakı, 18 may, AZƏRTAC
Bu gün dünya ölkələrində COVID-19 virusu ilə mübarizə aparılır və məcburi karantin rejimi tətbiq olunur. Sosial təcrid, uzunmüddətli qapalı mühitdə yaşamaq yeniyetmə və yaşlı insanlarda emosional psixi gərginliyin artmasına, həmçinin qorxu və panikaya səbəb olur. Bu isə immun sisteminin kəskin zəifləməsinə gətirib çıxarır. Stress simptomları ilə mübarizə və profilaktika xroniki stress fonunda yaranan daha ciddi xəstəliklərin qarşısını almağa imkan verir və həyat harmoniyasını, yaşam həvəsini geri qaytarır.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Dendrologiya İnstitutunda əsəbi yorğunluq, narahatlıq hallarında yuxusuzluğun aradan qaldırılmasına müsbət təsir göstərən sedativ (sakitləşdirici) təsirə malik dərman əhəmiyyətli bəzi bitki növləri mövcuddur.
Bunlardan biri - ən yaxşı sakitləşdirici vasitə hesab edilən, həm çiçəkləri, həm otu, həm də toxumları çox faydalı olan lavanda bitkisidir. Onun tərkibi efir yağları ilə zəngin olduğundan havada müxtəlif virusları məhv edir və onların kütləvi yayılmasının qarşısını alır. Lavanda bitkisi donuz qripi, quş qripi və adi qripdən qorunmağın ən effektli təbii üsulu olduğundan onun şəhərin parklarında əkilməsi məqsədəuyğundur.
Sedativ təsirli dərman bitkilərindən Ginko bilobanın tərkibi vitamin və minerallarla zəngindir. Beyin qan dövranını tənzimləyən və yaddaşı gücləndirən bu bitki yaşla bağlı meydana çıxan diqqət dağınıqlığı problemini aradan qaldırır, eşitmə və görmə zəifliyinin qarşısını alır.
Dendrologiya İnstitutunun eksperimental təcrübə sahəsində 2018-ci ildən, həmçinin vətəni tropik Amerika olan Passiflora İncarnata L növünün introduksiyasına başlanılıb. Hazırda tədqiqat işi uğurla davam etdirilir. Bitkidən hazırlanan preparatlar yuxusuzluq, nevrosteniyalar, əndişə pozğunluqları, autizm, epilepsiya kimi xəstəliklərdə geniş istifadə olunur.
Bitkinin tərkibində olan passiflorin və harman alkaloidi monoaminoksidaza fermentini inhibə edərək sinaps boşluqlarında monoaminlərin artmasına səbəb olur. Məhz noradrenalin, serotonin, dofamin nəticəsində P. İncarnata antidepressant effekti yaradır.
Dünyanın COVID-19 infeksiyası ilə mübarizə apardığı bir zamanda məcburi sakitləşdirici və anksiolitik təsirə malik P. İncarnata ekstraktı bu cür hallarda istifadə üçün ideal vasitədir.