Dəniz suyunun duzsuzlaşdırılması içməli su sektorunda həyata keçirilən islahatların davamıdır – Rəy
Bakı, 18 aprel, Ramiz Quliyev, AZƏRTAC
Prezident İlham Əliyevin dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Sərəncamı respublikanın su təhlükəsizliyinin, əhalinin içməli su ilə təminatının artırılması və bu sahəyə yeni texnologiyaların cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi Tərlan Əliyev deyib.
O qeyd edib ki, ölkə başçısının uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq əhalinin həyat səviyyəsi günü-gündən yüksəlir, ölkənin ekoloji vəziyyəti yaxşılaşdırılır, insanlar üçün sağlam mühit yaradılır. Azərbaycan vətəndaşlarının fasiləsiz, təmiz və keyfiyyətli içməli su ilə təmin edilməsi sahəsində son illər içməli su sektorunda həyata keçirilən islahatlar sürətlə davam etdirilir. Bakı şəhəri və regionlarda icra edilən layihələr çərçivəsində sutəmizləyici qurğular, anbarlar, magistral və şəbəkə xətləri tikilir, yeni kanalizasiya sistemləri yaradılır. Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə görülmüş bütün işlər insanların sağlamlığına və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlib.
Bu baxımdan Azərbaycanda nəhəng su layihəsi olan Oğuz-Qəbələ-Bakı su kəmərinin, yeni su anbarlarının tikintisi və yenidən qurulması, müasir təmizləyici qurğuların inşası respublikanın içməli su ilə təminatında böyük rol oynayır. Təbii ki, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalının artırılması da vətəndaşların suya olan tələbatını ödəməklə yanaşı, kənd təsərrüfatı sahəsinə də böyük töhfə verəcək.
Tərlan Əliyev həmçinin bildirib ki, ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalının artırılması bilavasitə su təminatının yaxşılaşdırılması faktorundan asılıdır. Belə ki, qlobal iqlim dəyişiklikləri davamlı olaraq yağıntının azalmasına və su çatışmazlığına səbəb olur, bu da ölkədə kənd təsərrüfatı üçün əsaslı problemlər yaradır. Odur ki, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasında mövcud torpaq və su ehtiyatlarından səmərəli istifadə olunmasının rolu danılmazdır: “Ümumilikdə Azərbaycanda aqrar sahənin inkişafı bütövlükdə suvarma əkinçiliyinə əsaslanır. Belə ki, bitkiçilik məhsullarının təqribən 90 faizə qədəri suvarılan torpaqlarda becərilir. Suvarma əkinçiliyinin iqtisadi səmərəliliyinin təmin olunması kənd təsərrüfatı bitkilərindən sabit və yüksək məhsul əldə olunması ilə yanaşı, bütün ehtiyatlardan qənaətlə istifadə olunması, torpaqların meliorativ vəziyyətinin normal səviyyədə saxlanılması, eləcə də suvarmanın aqrotexniki və texnoloji cəhətdən düzgün və dəqiq aparılması yolu ilə əldə oluna bilər. Digər tərəfdən ölkə ərazisində müşahidə edilən su qıtlığı suvarma məqsədilə sudan səmərəli və qənaətli istifadəni təmin etməyi tələb edir. O cümlədən, kənd təsərrüfatı məhsullarının istehsalçıları cəlb edilməklə suvarma qrafikləri tərtib olunmalıdır” .
Diqqətə çatdırılıb ki, yeni iqtisadi münasibətlər fonunda, digər sahələrdə olduğu kimi, su obyektlərinin istifadəsi və mühafizəsi ilə bağlı münasibətlər də dəyişib. Bu münasibətləri yeni iqtisadi şəraitə uyğunlaşdırmaq üçün yeni qanunvericilik bazası yaradılıb və müvafiq normativ-hüquqi aktlar qəbul edilib.
İstifadə olunan suvarma sistemlərində suvarma suyunun düzgün paylanmasını aparmaq, eləcə də bitkilərin suya olan tələbatını ödəmək üçün kənd təsərrüfatı bitkilərinin müxtəlif bölgələr üzrə su tələbatını və suvarma rejimlərini bilmək torpaq istifadəçiləri üçün çox vacibdir. Suvarma suyunun torpağa verilməsi ilə onun fiziki və kimyəvi tərkibi dəyişir, üzvi maddələrin asanlıqla parçalanması prosesi gedir və bununla da torpağın hava, duz və istilik rejimi tənzimlənir.
Bütövlükdə isə dəniz suyunun duzsuzlaşdırılması üsulu ilə istehsal edilən içməli suyun Bakı şəhərinə və ətraf ərazilərə nəqli ilə əlaqədar infrastruktur işlərinin görülməsi də bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin əsasını təşkil edəcək.