Deputat: Azərbaycan qalib ölkə kimi xarici siyasət kursunun yeni inkişaf istiqamətlərini müəyyənləşdirir
Bakı, 10 aprel, AZƏRTAC
Hazırda ölkəmiz üçün postmüharibə dövründə bütün diqqətlər gələcəyə yönəlib. Yəni, Azərbaycan İkinci Qarabağ müharibəsinin qalibi kimi dünyanın nüfuzlu təşkilatı olan BMT ilə münasibətlərinin formatını yeniləyib. Bu gün Azərbaycan qalib ölkə olaraq xarici siyasət kursunun yeni inkişaf istiqamətlərini müəyyənləşdirir.
BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkırın Azərbaycana səfəri çox əlamətdar hadisədir. Volkan Bozkırla görüşdə Prezident İlham Əliyev bir çox vacib məqamlara toxundu. Dövlətimizin başçısı Qarabağ münaqişəsinin artıq həll olunduğunu, 30 ilə yaxın kağız üzərində olan qətnamələri Azərbaycanın təkbaşına yerinə yetirdiyini diqqətə çatdırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Anar Məmmədov bildirib.
“Azərbaycan hökuməti dünyanın ən mötəbər və nüfuzlu təşkilatı olan BMT-yə üzvlüyünün ilk günlərindən bu beynəlxalq təsisatla fəal və səmərəli əməkdaşlıq əlaqələri qurub”, - deyən A.Məmmədov UNESCO ilə də sıx təmasların yaradıldığını qeyd edib. Bildirib ki, UNESCO ilə aparılan müzakirələr əsnasında işğaldan azad edilmiş ərazilərə missiyanın göndərilməsi nəzərdə tutulur. Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımızda törətdiyi vandalizmin dünya ictimaiyyətinə çatdırılması çox vacibdir. Bu mənada, UNESCO-nun missiyası səfər çərçivəsində erməni vandalizmi ilə yerində tanış olacaq.
Görüşdə COVID-19-a qarşı birgə mübarizə tədbirlərinin də müzakirə olunduğunu qeyd edən deputat vurğulayıb: “COVID-19 pandemiyası bütün dünyada tüğyan etdiyi andan etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülüb və əməli addımlar atılıb. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşlərinin, BMT Baş Assambleyasının COVID-19-la mübarizəyə həsr edilən Xüsusi Sessiyasının keçirilməsi bunun əyani sübutudur. Bu tədbirlərdə Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bütün çıxışlarında pandemiyanın təsiri nəticəsində yaranmış qlobal problemləri və həll yollarını göstərdi”.
Anar Məmmədov bildirib ki, BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının prezidenti də öz növbəsində həyata keçirilən tədbirlər, Azərbaycanın təşəbbüslərini BMT tərəfindən dəstəkləndiyini qeyd edərək dedi: “Sevindirici hal odur ki, BMT-nin Baş Assambleyasının 75-ci sessiyasının prezidenti qardaş Türkiyə nümayəndəsidir və bu mənada inanırıq ki, erməni vandalizminə layiqli qiymət veriləcək və COVID-19 pandemiyasına qarşı qlobal mübarizədə daha mütəşəkkil qərarlar qəbul edilərək effektiv tədbirlər görüləcək”.