Deputat: Azərbaycan regionda nəqliyyat dəhlizlərinin inkişafına xeyli sərmayə qoyub
Bakı, 20 fevral, AZƏRTAC
Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycanın Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyində rolunun daha da güclənməsi müşahidə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov Moldovanın paytaxtı Kişineu şəhərində təşkil edilən Avronest Parlament Assambleyasının 10-cu plenar sessiyasında deyib.
Bildirib ki, Azərbaycan 2022-ci ildə Aİ-yə qaz ixracını 40 faiz artıraraq, ümumi ixracını 11,4 milyard kubmetrə çatdırıb. Bununla yanaşı, tutumu 31,5 milyard kubmetr olan Cənub Qaz Dəhlizinin tərkib hissəsi kimi Yunanıstan-Bolqarıstan İnterkonnektorunun 2022-ci ildə icrasına başlanılıb. İnterkonnektor vasitəsilə Azərbaycan qazı 2022-ci ildə Bolqarıstana, bu il isə Rumıniyaya çatdırılıb. İnterkonnektorun gücü 3,5 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılacaq. Azərbaycan ilə Moldova, Macarıstan və Serbiya arasında enerji danışıqları aparılır. Bu da o deməkdir ki, Mərkəzi və Şərqi Avropadan daha çox ölkə enerji asılılığını azaltmaq üçün yeni alternativ mənbədən qaz alacaq. Ötən il Azərbaycan və Aİ arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair yeni Anlaşma Memorandumu imzalanıb və bu, 2026-cı ilə qədər Azərbaycanın Aİ-yə qaz ixracını iki dəfə artıracaq.
“Azərbaycan son onilliklərdə regionda nəqliyyat dəhlizlərinin inkişafına xeyli sərmayə qoyub. Şərq-Qərb dəhlizinin bir hissəsi kimi Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmi 2022-ci ildə 29,8 faiz artaraq 51,4 milyon tona çatıb. Azərbaycanın Avropa və Asiya arasında yerləşməsi və inkişaf etmiş infrastruktura malik olması yeni iqtisadi imkanlar yaradır və bu regionun beynəlxalq yükdaşımalar üzrə potensialından daha yaxından istifadə edilməsinə gətirib çıxarmaqdadır”, - deyə deputat qeyd edib.