Deputat: Azərbaycanın uğur formulu - müstəqil siyasət, praqmatik yanaşma və prinsipial mövqe
Bakı, 6 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin İtaliyaya səfəri, səfər çərçivəsində keçirilən görüşlər və dövlətimizin başçısının səsləndirdiyi fikirlər dünya mediasının diqqət mərkəzindədir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidentinin İtaliyaya səfəri ilə bağlı bir neçə məqam xüsusi olaraq diqqəti cəlb edir. Belə ki, tanınmış ekspertlərin, nüfuzlu strateji tədqiqat mərkəzlərinin təhlillərində Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi tanındığı xüsusi qeyd olunur, ölkəmizlə əməkdaşlığın strateji əhəmiyyəti diqqətə çatdırılır. Prezident İlham Əliyevin fikirləri, son zamanlar müşahidə edilən proseslər təsdiqləyir ki, Azərbaycan özünün və tərəfdaşlarının maraqlarına, beynəlxalq hüququn normalarına və müasir çağırışlara uyğun xarici siyasət həyata keçirir. Ölkəmizin regional və beynəlxalq təhlükəsizliyə töhfələri dünya miqyasında yüksək dəyərləndirilir.
Komitə sədri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində fəal, önəmli rol oynaması ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına əlverişli zəmin, yeni imkanlar yaratdığını vurğulayıb. Qeyd olunub ki, “Qoca qitə” enerji təhlükəsizliyi məsələsində yüksək potensiala malik Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirir, uzunmüddətli işbirliyi niyyətini aydın ifadə edir. Bir müddət öncə Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair anlaşma imzalanması bu baxımdan xüsusi qeyd edilməlidir.
Avropanın digər dövlətləri kimi İtaliyanın da xarici siyasət kursunda Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsini strateji prioritetlərdən biri kimi müəyyənləşdirdiyini qeyd edən Siyavuş Novruzov deyib: “Azərbaycan da öz növbəsində İtaliya ilə qarşılıqlı faydalı münasibətlərə xüsusi önəm verir. Qarşılıqlı səfərlər isə tərəflər arasında müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Bu, işbirliyinin yüksək səviyyədə olmasını və ikitərəfli münasibətlərdə yeni mərhələnin başlandığını göstərir”.
Onun sözlərinə görə, nəticə etibarilə, müstəqil siyasət, praqmatik yanaşma və prinsipial mövqe Azərbaycana yeni imkanlar və uğurlar qazandırır. Tarixi Qələbəmizdən sonra yaranmış yeni geosiyasi reallıqlar Azərbaycanın region dövlətləri və iqtisadi, siyasi güc mərkəzləri, o cümlədən Avropa dövlətləri ilə münasibətlərinin inkişafına güclü impuls - yeni təkan verir.