Deputat: Koronavirusla mübarizədə həmrəylik göstərməli, bütün məsuliyyətimizlə dövlətimizin yanında olmalıyıq
Bakı, 11 iyun, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda həyata keçirilən tədbirlərin əsas məqsədi koronavirusla bağlı kritik vəziyyətə hazır olmaq, ən böhranlı vəziyyətdə belə bütün xəstələrə tibbi xidmətin göstərilməsini təmin etməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
Deputat qeyd edib ki, görülmüş bütün tədbirlərin mərkəzində məhz Azərbaycan vətəndaşlarının sağlamlığı dayanıb və qabaqlayıcı tədbirlər nəticəsində bu gün vəziyyət tam nəzarət altındadır. Pandemiyanın ilk günlərindən məhz Prezident İlham Əliyevin iradəsi ilə atılan addımlar sonrakı fəsadların minimuma endirilməsi baxımından yüksək qiymətləndirilir. İlkin mərhələdə, təxirəsalınmaz tədbirlər fonunda laboratoriyalar quruldu, testlərin alınması təşkil edildi. İki həftə ərzində mövcud vəziyyətlə bağlı yaranan maska probleminin birdəfəlik həlli məqsədilə tibbi maska müəssisəsinin birincisi, bir neçə gün sonra isə ikincisi işə salındı. Bir neçə xəstəxana virusa yoluxan xəstələrin qəbulu üçün hazır vəziyyətə gətirildi, dezinfeksiya işlərinə start verildi. Modul tipli xəstəxanaların qurulması da görülən işlərdən biri oldu. Bu ayın sonuna kimi daha 6 xəstəxana açılacaq ki, bununla da modul tipli xəstəxanaların sayı 10-a çatdırılacaq. Dövlət başçısının da qeyd etdiyi kimi, bütün addımlar ən kritik vəziyyətə hazır olmaq üçün atılır, tədbirlər görülür ki, xüsusi böhran vəziyyətində də bütün xəstələrə tibbi xidmət göstərilsin.
Deputat deyib: “Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Bir çox ölkələrdə xəstəliyi simptomsuz keçirənlər, xəstəliyə düçar olmuş insanlar ev şəraitində müalicə alırlar, onları heç xəstəxanalara da qəbul etmirlər. Əlbəttə ki, bu, onların sağlamlığına təhlükə yaradır. Azərbaycanda koronavirusdan ölənlərin sayının az olmasının səbəblərindən biri də yoluxmuş bütün xəstələrin tibbi müəssisələrdə yerləşdirilməsidir. Hazırda ölkəmizdə mövcud səhiyyə imkanları vəziyyəti nəzarətdə saxlamağa tam imkan verir. Statistik rəqəmlərə görə, indiyə qədər ölkəmizdə 350 min test keçirilib. Yoluxanların sayı isə 8 minə qədərdir. Bu nəticə nəinki qonşu dövlətlərlə, hətta inkişaf etmiş ölkələrlə müqayisədə çox aşağı həddir. İnkişaf etmiş ölkələrdə bu virusdan ölənlərin sayı, bizdə yoluxanların sayından çoxdur. Ermənistanda yoluxanların sayına baxanda isə bu ölkədə vəziyyətin nə qədər acınacaqlı olduğu gün kimi aydındır. Bu ölkədə yoluxanların sayı 13 mini ötdüyü halda, testlərin sayı Azərbaycanla müqayisədə 5-6 dəfə azdır. Azərbaycan Prezidentinə gördüyü işlərlə bağlı hər gün yüzlərlə təşəkkür məktubu gəldiyi halda, Ermənistan rəhbərliyi bacarıqsızlığına, acizliyinə görə tənqid və hətta təhqir olunur”.
Tamam Cəfərova son 10 gün ərzində yoluxanların sayında müşahidə olunan artıma da münasibət bildirib: “Son 10 gündə yoluxanların sayında artımın olması bəzi vətəndaşlarımızın məsuliyyət hissinə biganə yanaşmasının nəticəsidir. Unutmayaq ki, Azərbaycan dövləti məhdudlaşdırıcı tədbirlərə getməklə vətəndaşının sağlamlığını iqtisadi gerçəklikdən üstün tutur. Bu baxımdan vətəndaşın da mövcud vəziyyətə münasibəti adekvat olmalıdır. Dövlətimiz əlindən gələni edir ki, biz bu vəziyyətdən az itkilərlə çıxaq. Biz də bu mübarizədə həmrəylik göstərməli, bütün məsuliyyətimizlə dövlətimizin yanında olmalı, karantin rejiminin tələb etdiyi qaydalara riayət etməliyik. Biz ancaq birlikdə qalib gələ bilərik”.