Deputat: Xaricdəki azərbaycanlı gənclər postmünaqişə dövründə əsas təbliğatçı qüvvə kimi fəal olmalıdırlar
Bakı, 23 aprel, AZƏRTAC
Dünya Azərbaycanlılarının Zəfər Qurultayında həm də gənc nəsil üçün fəaliyyət istiqamətləri müəyyənləşdi. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, çox istəyirik, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Bunun üçün gənclərimizin öz dilini bilməsi, dilimizi qoruyub saxlaması olduqca vacibdir. Xaricdəki soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə yanaşı, milli, tarixi köklərə bağlılıq əsas vəzifə olaraq qalır. Dövlət hətta xaricdə yaşayan soydaşlarımızın ana dilini unutmaması üçün Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də dəstək göstərməyə hazırdır. Çünki Prezident İlham Əliyevin də söylədiyi kimi, Ana dili əsas amildir və bu, bütün Azərbaycan vətəndaşlarını birləşdirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Könül Nurullayeva söyləyib.
O qeyd edib ki, xaricdə yaşayan gənc azərbaycanlılar həm də İkinci Qarabağ müharibəsinin tarixini yaxşı bilməli, bu həqiqətlərin çatdırılmasında xüsusi fəallıq nümayiş etdirməlidirlər. 44 günlük müharibə zamanı dünya həm də Azərbaycan gənclərinin nə qədər vətənpərvər, elinə-obasına bağlı olduğunu gördü. Prezident İlham Əliyevin də söylədiyi kimi, biz sübut etmişik ki, ölümə getməyə hazırıq, öldü var, döndü yoxdur. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz Vətən uğrunda bilərəkdən ölümə gedirdilər. İkinci Qarabağ müharibəsində həlak olanların böyük əksəriyyəti gənc nəslin nümayəndələri idi. Onların heç biri Qarabağda olmamışdı, bu diyarı görməmişdilər, amma onların qəlbində yaşayan milli ruh, ədalət və Vətən sevgisi onları ölümə aparırdı.
Deputatın sözlərinə görə, xaricdəki gənclərimiz Azərbaycan gəncinin qəhrəman obrazını qorumaq üçün əlindən gələni etməlidir. Nəzərə alsaq ki, xaricdə yaşayan azərbaycanlılar böyük qüvvədir, onların fəaliyyəti ölkəmiz üçün çox önəmlidir.
“Müstəqillik dövründə yetişən, vətənpərvərlik ruhunda böyüyən gənclərin tarixi Zəfərin əldə olunmasında misilsiz xidmətləri var. Bu gənclik müstəqillik dövründə, ümummilli lider Heydər Əliyevin siyasi irsi, azərbaycançılıq ideologiyasının təsiri altında, Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə formalaşıb. 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının birinci qurultayının keçirilməsi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edəcəyi, torpaqlarımızın işğaldan azad olunacağı və xalqının öz torpaqlarına qayıdacağı ilə bağlı fikirləri onun davamçıları tərəfindən gerçəyə çevrildi. Bu mənada Azərbaycan gəncləri postmünaqişə dövründə də əsas təbliğatçı qüvvə kimi fəal olmalıdırlar”, - deyə Könül Nurullayeva vurğulayıb.