SİYASƏT
Deputat: Zəngəzur dəhlizi region dövlətləri ilə yanaşı, dünya ölkələrinin iqtisadi inkişafı üçün də çox önəmlidir
![Deputat: Zəngəzur dəhlizi region dövlətləri ilə yanaşı, dünya ölkələrinin iqtisadi inkişafı üçün də çox önəmlidir](/files/2022/3/1200x630/16662542923351858273_1200x630.jpg)
Bakı, 20 oktyabr, AZƏRTAC
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə 20-dən çox Asiya dövlətini özündə birləşdirən nüfuzlu təşkilatdır. Cari il oktyabrın 13-ndə təşkilatın Astanada keçirilən 6-cı Zirvə Toplantısına əksər ölkələrin dövlət və hökumət başçılarının qoşulması bu təşkilatın mötəbərliyindən xəbər verir. Zirvə Toplantısında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğal dövründə Ermənistanın Azərbaycan ərazisində törətdiyi vəhşiliklərdən, müharibədən sonra ermənilərin hərbi təxribatları, eləcə də dünya siyasətində Azərbaycan dövlətinin mövqeyi haqqında iştirakçılara ətraflı məlumat verdi. Dövlətimizin başçısının çıxışı, eyni zamanda, Azərbaycan torpaqlarının işğalı zamanı, müharibə və postmüharibə dövründə ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirən dövlətlərə bir cavab idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
O bildirib ki, nüfuzlu beynəlxalq təşkilatlar 30 il Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamasına göz yumdular. Halbuki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən təcili və qeyri-şərtsiz çıxmaları haqqında 4 qətnamə qəbul etmişdi. Ermənistan bu qətnamələri icra etməməklə yanaşı yeni əraziləri işğal edəcəkləri barədə iddialar irəli sürürdü. 30 ilə yaxın davam edən işğal zamanı ermənilər Azərbaycanın şəhər və kəndlərini viran qoyublar. Tarixi, mədəni, dini abidələrimizi dağıdıb, təhqir ediblər. 2020-ci ildə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatının qarşısını alaraq əks hücum əməliyyatına başladı və torpaqlarımızı işğaldan azad etdi.
“Ermənilər Azərbaycanın mülki əhalisinə və hərbiçilərinə qarşı hərbi cinayət törədiblər. Birinci Qarabağ müharibəsindən indiyədək 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin düşmüş sayılır. Ermənistan bu insanları işgəncə verərək qətlə yetirib, kütləvi məzarlıqlarda basdırıb. İşğaldan azad edilmiş kəndlərdə kütləvi məzarlıqlar aşkar edilib. Digər vətəndaşlarımızın basdırıldığı kütləvi məzarlıqlar barədə Ermənistan dəqiq məlumat verməlidir. İşğal dövründə ermənilər bu torpaqlarda 1 milyondan çox mina basdırıblar. Bu gün də Ermənistan hərbi cinayətlərini davam etdirir. Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini ölkəmizə verməməsi nəticəsində 250 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb”, - deyə Milli Məclisin deputatı qeyd edib.
Kamilə Əliyeva diqqətə çatdırıb ki, Azərbaycan müharibə bitəndən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa işlərinə başladı. Artıq "Böyük Qayıdış" proqramının icrasına başlanıb. Keçmiş məcburi köçkünlərin öz yurd yerlərinə qayıtmaları prosesi həyata keçirilir. Müharibənin başa çatmasına baxmayaraq, Ermənistan öz revanşist hərəkətlərindən əl çəkmir. Bu ilin sentyabrında Ermənistan növbəti dəfə Azərbaycana qarşı hərbi təxribat törətdi. Azərbaycan Ordusu ermənilərin hərbi təxribatının qarşısını alaraq əks-hücum əməliyyatı həyata keçirdi. Dövlətimizin başçısının da qeyd etdiyi kimi baş vermiş bu hərbi təxribata görə Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır. Ermənistanın 30 illik işğalı zamanı şəhər və kəndlərimizi dağıtmalarına, misli görünməmiş vəhşiliklər törətmələrinə baxmayaraq Azərbaycan dövləti Ermənistana bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımağı, sülh müqaviləsi imzalamağı təklif edir. Bu bütün dünyaya Azərbaycan dövlətinin, xalqının nə qədər humanist və sülhsevər olduğunu nümayiş etdirir. İqtisadi cəhətdən güclü bir dövlət olaraq Azərbaycan öz ərazisində beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına böyük töhfə verir. Azərbaycan Orta Dəhlizin əsas və önəmli hissəsini təşkil edən Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə dəstəkləyir. Zəngəzur dəhlizi region dövlətləri ilə yanaşı dünya ölkələrinin iqtisadi inkişafı üçün çox önəmlidir.
Onun sözlərinə görə, Azərbaycan 2019-cu ildən BMT-dən sonra dünyanın ikinci ən böyük beynəlxalq təşkilatı olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı beynəlxalq aləmdə nüfuzunu artırıb. Təşkilatın nüfuzunun daha da dayanıqlı olması və dünya siyasətində söz sahibinə çevrilməsi üçün Azərbaycan böyük səylər göstərir. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı yaradılıb. Üzv dövlətlərin yekdil qərarı ilə Qoşulmama Hərəkatına verdiyi böyük töhfələrə görə Azərbaycanın quruma sədrliyi 2023-cü ilin sonuna qədər uzadılıb. Prezident İlham Əliyev iştirak etdiyi bütün beynəlxalq təşkilatlarda olduğu kimi, Astanada keçirilən Zirvə Toplantısında da Azərbaycan dövlətinin, xalqının milli maraqlarına xidmət edən fəaliyyəti ilə yaddaşlarda qalacaq.