“Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində növbəti intellektual yarış Sumqayıtda keçirilib
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Sumqayıtda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə “Dəyərlərimizi öyrənək” layihəsi çərçivəsində məktəblilər arasında intellektual yarış keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, yarışda Sumqayıt məktəblilərinin yuxarı sinif şagirdlərindən ibarət 12 komanda iştirak edib. Suallar əsasən Azərbaycan xalqının sahib olduğu dəyərlər, tariximiz, mədəniyyətimiz, ümumi dünyagörüşü və s. mövzuları əhatə edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov bildirib ki, yarışın əsas məqsədi sahib olduğumuz milli-mənəvi dəyərləri gənclərə aşılamaq, onların intellektual səviyyəsinin artırılmasına, məntiqi təfəkkürünün inkişaf etdirilməsinə dəstək göstərməkdir.
Məktəblilər arasında dəyərlərimizin təbliği istiqamətində bu cür intellektual yarışların keçirilməsinin əhəmiyyətini vurğulayan Sumqayıt Şəhər Təhsil Şöbəsinin nümayəndəsi Əlhəddin Paşayev iştirakçılara uğurlar arzulayıb.
Maraqlı mübarizə və rəqabət şəraitində keçən yarışda fərqlənən şagirdlər diplom və sertifikatlarla mükafatlandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində ölkənin 9 müxtəlif regionunda intellektual yarışların təşkil edilməsi və final mərhələsinin Bakıda keçirilməsi nəzərdə tutulur.