DİN: Ötən gün 267 toy şənliyinin monitorinqi aparılıb
Bakı, 5 avqust, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN), Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri avqustun 4-də Bakı şəhərində və respublikanın digər ərazilərində 267 toy şənliyinin monitorinqini aparıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, monitorinqlər 223 şadlıq sarayında, 44 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər zamanı toy şənliklərində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimələnib, 1 nəfər isə inzibati qaydada həbs edilib. Eləcə də 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, 1 nəfər barəsində materiallar baxılması üçün məhkəməyə göndərilib.
COVID-19 pasportu olmadığına görə 2122 nəfər toy şənliklərinə buraxılmayıb.