DÖVLƏT BAŞÇILARININ MƏTBUAT KONFRANSI
MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının sədri, Ukrayna Prezidenti Leonid Kuçma mətbuat konfransında bəyanatla çıxış edərək, içlasların yekunu barədə mətbuat nümayəndələrinə məlumat verdi. O bildirdi ki, içlaslardan sonra MDB-nin üzvü olan 4 ölkənin - Rusiyanın, Ukraynanın, Qazaxıstanın və Belarusun prezidentləri vahid iqtisadi məkan yaradılması haqqında müqavilə imzalamışlar.
Leonid Kuçma dedi ki, zirvə görüşünün bütün iştirakçıları müzakirə olunan məsələlər üzrə ümumi razılığa gəlmişlər. O, bunların sırasında iqtisadi sahədə qarşılıqlı fəaliyyətin inkişafı, yanacaq-energetika və aqrar sahələrdə əməkdaşlığın gücləndirilməsi, Böyük Vətən müharibəsində qələbənin 60-cı ildönümü ilə əlaqədar bayram tədbirlərinin keçirilməsi haqqında məsələləri xüsusilə vurğuladı.
Sonra dövlət başçıları jurnalistləri maraqlandıran suallara cavab verdilər. Ermənistan Prezidenti “Azərbaycanın işğal olunmuş torpaqlarını nə vaxt azad edəcəksiniz?” sualına cavabında guya Azərbaycanın həmsədrlərin təklifləri ilə razılaşmadığını və münaqişənin həllinin buna görə yubandığını bəhanə gətirdi. Rusiya Prezidenti Vladimir Putin isə suallara cavab verərkən dedi ki, MDB daxilində olan bütün etnik münaqişələr ədalətli surətdə və beynəlxalq hüquq normalarına uyğun həll olunmalıdır.
Ukrayna Prezidenti Leonid Kuçma və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ümidvar olduqlarını bildirdilər ki, vahid iqtisadi məkan yaradılması haqqında dörd ölkənin imzaladığı saziş gələcəkdə bütün MDB-də azad iqtisadi zonanın yaradılmasına təkan verəcəkdir.
X X X
Mətbuat konfransından sonra zirvə görüşünün iştirakçıları birlikdə şəkil çəkdirdilər.
Sonra Ukrayna Prezidenti Leonid Kuçmanın adından MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə rəsmi ziyafət verildi. Azərbaycanın Baş naziri İlham Əliyev ziyafətdə iştirak edirdi.
X X X
MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının zirvə görüşündə iştirak edən Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev sentyabrın 19-da axşamüstü Yaltadan Sevastopolun Belbek hava limanına gəldi.
Azərbaycanın və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş hava limanında Baş nazir İlham Əliyevi MDB-nin icraçı katibi Yuri Yarov, Sevastopol şəhəri icra hakimiyyətinin başçısı Leonid Junko, Azərbaycanın Ukrayna və Rusiyadakı səfirləri Tələt Əliyev və Ramiz Rizayev, digər rəsmi şəxslər yola saldılar.
Hava limanında jurnalistlərin suallarına cavab verən MDB-nin icraçı katibi Yuri Yarov Baş nazir İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin MDB dövlət başçılarının zirvə görüşündə fəal iştirakını xüsusilə vurğuladı. O, Azərbaycanın MDB çərçivəsində fəaliyyətinin daha səmərəli olacağına əminliyini bildirdi.
Baş nazir İlham Əliyev həmin gün axşam Bakıya gəldi.