Dövlət Bayrağı Meydanında Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilmişdir
Bakı, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Dövlət Bayrağı Meydanında Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xocalı faciəsinin şahidləri ictimaiyyət nümayəndələri və KİV-lərin təmsilçiləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsinin günahsız qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə çıxış edən Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin rəisi Rəşad Məmmədov Xocalı faciəsi haqqında danışmışdır.
Bildirilmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları Dağlıq Qarabağın strateji əhəmiyyətə malik olan Xocalı şəhərini yerlə-yeksan etmiş, dinc əhalini misli görünməmiş amansızlıqla qətlə yetirmiş və insanlığa sığmayan soyqırımı törətmişlər.
Ağ Evin rəsmi saytında Barak Obama administrasiyasını Xocalı qırğınının qurbanlarının xatirəsini yad etməyə çağıran petisiya haqqında ətraflı məlumat verən R.Məmmədov aksiyanın azərbaycanlılar və xarici vətəndaşlar tərəfindən fəal dəstəkləndiyini qeyd etmişdir.
R.Məmmədov ümummilli lider Heydər Əliyevin Xocalı qətliamının dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışmışdır. Vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir.
Heydər Əliyev Fondunun Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyətindən söhbət açan R.Məmmədov qeyd etmişdir ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın bu sahədə böyük fədakarlığı və səyləri sayəsində soyqırımı ilə bağlı xüsusi layihə çərçivəsində dünyanın bir sıra ölkələrində aksiyalar, silsilə tədbirlər, sərgilər, anma mərasimləri keçirilməkdədir.
R.Məmmədov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının artıq bir neçə ölkədə bu istiqamətdə mühüm işlərə imza atdığını vurğulamışdır.
Tədbirdə çıxış edənlər dünyanın heç bir faciəsi ilə müqayisə olunmayacaq bu qətliamın dəhşətlərindən, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən bəhs etmişlər.
Sonda Xocalı faciəsi ilə bağlı videoçarx nümayiş olunmuşdur.