Dövlət İdarəçilik Akademiyasında yerli özünüidarəetmənin inkişafına dair elmi-praktik konfrans keçirilmişdir
Bakı, 3 iyun (AZƏRTAC). Respublikamızda yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA), Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Yerli özünüidarəetmənin təşkilində bələdiyyə-QHT-vətəndaş münasibətləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
DİA-dan AZƏRTAC-a bildirmişlər ki, elmi-praktik konfransın açılışında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov respublikamızda yerli özünüidarəetmənin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən siyasət və ardıcıl tədbirlərin əhəmiyyətindən danışmışdır. Rektor qeyd etmişdir ki, Azərbaycanın davamlı inkişafa nail olması xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Natiq ölkənin modernləşməsində, bu inkişafın yeni keyfiyyət mərhələsinə qədəm qoymasında Prezident İlham Əliyevin gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışmış, aparılan islahatların əsas məqsədinin çevik idarəçilik sisteminin formalaşdırılması, insan və vətəndaş hüquq və azadlıqlarının yüksək dövlət təminatına nail olunması və bütövlükdə Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası prosesinin sürətləndirilməsindən ibarət olduğunu bildirmişdir.
Elmi-praktik konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, parlamentin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri İlham Abbasov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Sumqayıt şəhər bələdiyyəsinin sədri, professor Əbülfəz Babayev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lüdmila Xəlilova, DİA-nın dövlət idarəçiliyində informasiya texnologiyaları kafedrasının müdiri, iqtisad elmləri doktoru Xatirə Hüseynova və başqaları mövzuya dair məruzələrlə çıxış etmişlər.
Məruzələrdə yerli özünüidarəetmənin inkişafı sahəsində görülən işlər, davamlı insan inkişafı sahəsində həyata keçirilən milli strategiyanın tərkib hissəsi olan idarəçilik üzrə həyata keçirilən islahatlar təhlil edilmiş, yerli özünüidarəetmədə əldə olunan uğurlar və gözləntilər nəzərdən keçirilmiş, həmçinin inkişaf etmiş ölkələrin səmərəli təcrübəsinin tətbiqi imkanları və qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlər bildirilmişdir.