Dövlət Maliyyə Nəzarəti Xidməti altı ayda aparılmış nəzarət tədbirlərinin nəticələrini açıqlayıb
Bakı, 13 sentyabr, AZƏRTAC
Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2022-ci ilin birinci yarısında aparılmış nəzarət tədbirlərinin nəticələri açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin birinci yarısında Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 52 təşkilatda (nəzarət obyektləri) aparılmış yoxlamalarla ümumilikdə 99 milyon 910,5 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb. Həmin məbləğin 33 milyon 502,5 min manatlıq hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə nağd qaydada ödənilərək bərpası təmin edilib. Yuxarıda qeyd olunan dövr ərzində Xidmətin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğundan və hüquq-mühafizə orqanlarından nəzarət tədbirlərinin aparılması barədə daxil olmuş xeyli sayda məktub və qərarların icrası ilə əlaqədar olub. Belə ki, prokurorluq və hüquq-mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 35 təşkilatda aparılmış yoxlamalarla aşkarlanan 96 milyon 926,7 min manat məbləğində artıq və əsassız ödənişlərin 33 milyon 330,1 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin edilib və aşkarlanan nöqsanlara hüquqi qiymət verilməsi, artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpa edilməsi ilə bağlı müvafiq sənədlər aidiyyəti üzrə prokurorluq və hüquq-mühafizə orqanlarına göndərilib. Xidmətin mərkəzi aparatı və onun regional maliyyə müfəttişlikləri tərəfindən 2022-ci il üçün təsdiq olunmuş iş planına əsasən 2022-ci ilin birinci yarısında 14 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 2 milyon 919,4 min manat məbləğində artıq və əsassız ödənişlərin 108 min manat hissəsinin yoxlamaların gedişində və yoxlamalardan sonrakı dövrdə təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilərək bərpası təmin edilib, həmin nəzarət obyektlərindən 2 təşkilat üzrə aşkar olunmuş 2 milyon 811,4 min manat məbləğində nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Dövlət Təhlükəsizliyi Xidmətinə göndərilib.
Bununla yanaşı, Xidmət tərəfindən dövlət orqanlarına daxil olmuş vətəndaş müraciətlərinə əsasən 3 təşkilatda müraciətdə göstərilənlər yoxlanılıb, cəmi 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkar olunub. Yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Yoxlamalar zamanı nəzarət obyektlərində, hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq-mühafizə orqanlarına yoxlama materialları göndərilmiş nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”na uyğun müvafiq protokollar tərtib edilib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 25 nəfər vəzifəli şəxsə 16,5 min manat məbləğində cərimələr tətbiq olunub və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin edilib. Xidmətin mərkəzi aparatı və regional maliyyə müfəttişlikləri tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkarlanan nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.