Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Dövlət Miqrasiya Xidməti: 10 il xidmətdə

Dövlət Miqrasiya Xidməti: 10 il xidmətdə

Bakı, 17 mart, AZƏRTAC

Martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasından 10 il ötür.

AZƏRTAC ötən on il ərzində bu qurumun fəaliyyəti, eləcə də ölkəmizdə miqrasiya proseslərinin idarə olunması və tənzimlənməsi sahəsində görülən işlərlə bağlı Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin məqaləsini təqdim edir.

İqtisadi inkişaf və demokratikləşmə xəttini milli inkişafın dəyişməz formulu kimi önə çəkən ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev Azərbaycanın qlobal siyasi arenada müsbət imiclə tanınmasını, regional və beynəlxalq iqtisadi əməkdaşlıq mərkəzinə çevrilməsini təmin edib, “güclü dövlət-müstəqil siyasət” devizini ötən illər ərzində praktik olaraq gerçəkləşdirib.

Digər sahələrdə olduğu kimi, miqrasiya idarəetmə mexanizminin təkmilləşdirilməsi, miqrasiya proseslərinin idarəolunması və tənzimlənməsi məqsədilə həm qanunvericilik, həm də onun tətbiqi ilə bağlı Azərbaycan dövləti tərəfindən bir sıra ciddi addımlar atılıb, əsaslı tədbirlər həyata keçirilib. Belə ki, 2004-cü ildə hökumət qurumları qarşısında əsas məqsədləri müəyyən edən "Azərbaycan Respublikasının Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyası" qəbul edilib. Bu Konsepsiyanın gerçəkləşdirilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün 2006-cı il iyulun 25-də “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramının təsdiq edilməsı haqqında (2006-2008-ci illər)” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb. Dövlət Proqramı əsasında miqrasiya sahəsində vahid dövlət siyasətini həyata keçirən xüsusi dövlət orqanının yaradılması da obyektiv zərurət kimi meydana çıxıb. Bu zərurəti nəzərə alan Prezident İlham Əliyev 2007-ci il martın 19-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında 560 nömrəli Fərman imzalayıb.

Artıq həmin Fərmanın imzalanmasından 10 il keçir. Hazırda dünyada cərəyan edən qloballaşma fonunda Azərbaycan regionda gedən miqrasiya proseslərinə təsir etmək, ölkə ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və ölkə daxilində miqrasiya proseslərini yerli qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək üçün fəal miqrasiya siyasəti yeridir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən, miqrasiya siyasətinin prioritet istiqamətlərinə uyğun şəkildə bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, institusional mexanizmlərinin yaradılması, miqrasiya proseslərinin idarə olunmasında yeni informasiya texnologiyalarının tətbiq edilməsi, qeyri-qanuni miqrasiyanın qarşının alınması üzrə kompleks tədbirlərin həyata keçirilməsi qarşıya vəzifə kimi qoyulmuşdu. Dövlət Miqrasiya Xidməti müstəqil mərkəzi icra hakimiyyəti orqanı kimi 10 ildir bu vəzifələri müvəffəqiyyətlə icra etməkdə və Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xidmətindədir. İndi Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin bütün hüquq və azadlıqları - sərbəst hərəkət etməsi və yaşayış yeri seçməsi, təhsil alması, əmək fəaliyyəti ilə məşğul olması, səhmdar və sahibkar kimi fəaliyyət göstərməsi, şəxsi toxunulmazlığı, mənzil toxunulmazlığı, istirahət etməsi, sağlamlığının qorunması, vicdan azadlığı tam təmin olunur.

Dövlətimizin başçısının 2010-cu il 17 mart tarixli Sərəncamı ilə hər il martın 19-u Azərbaycan Respublikası miqrasiya orqanları işçilərinin peşə bayramı günü qeyd olunur. Elə həmin il mayın 25-də Prezident İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibatı binasının açılış mərasimində iştirak edib. Bu müddət ərzində Bakıda Xidmətin inzibati binası ilə yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 31 may tarixli Fərmanı ilə yaradılan və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin sisteminə aid olan Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətinin inzibati binasının, regional miqrasiya idarələrinin, paytaxtda və Yevlaxda qanunsuz miqrantların saxlanılması mərkəzlərinin, Xidmətin Tibb müəssisəsinin tikintisinin həyata keçirilərək istifadəyə verilməsi Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində mümkün olub.

Prezident İlham Əliyevin dediyi kimi, “Bir neçə il bundan əvvəl Azərbaycanda müstəqil struktur kimi Miqrasiya Xidməti yaradılan vaxt dünyada miqrasiya məsələləri bugünkü qədər aktual deyildi, lakin biz gələcək inkişaf proseslərini qabaqcadan proqnozlaşdıraraq miqrasiya ilə bağlı idarəetmə, tənzimləmə prinsiplərini özündə əks etdirən effektiv qurum yaratdıq ki, Azərbaycanda olan miqrantlar özlərini rahat şəraitdə hiss etsinlər və eyni zamanda, bu məsələlər daxili prosedurlara uyğun şəkildə nizamlansın”.

Dövlət Miqrasiya Xidmətinin əsas qayəsi işdə qanunların aliliyinə ehtiram, Vətənə sədaqət, hər bir insana qayğı, ən başlıcası isə milli-mənəvi dəyərlərə hörmətdir.

Milli miqrasiya qanunvericiliyinin beynəlxalq normalara
uyğun tənzimlənməsi prioritet istiqamətlərdəndir

Bu gün əminliklə deyə bilərik ki, qanuni əsaslarla ölkəyə gələn və respublikada olmasını və yaşamasını leqallaşdıran əcnəbilərin, iş icazəsi əsasında haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olan əməkçi miqrantların hüquqlarının yüksək səviyyədə qorunması, qanunsuz miqrasiya ilə bağlı lazımi tədbirlər Xidmət tərəfindən müvəffəqiyyətlə icra olunmaqdadır. Çünki Prezident İlham Əliyevin bu Xidmətin qarşısında qoyduğu vəzifələrdən biri də odur ki, “Biz miqrasiya siyasətimizi daha da gücləndirməliyik, çox ciddi sistem yaratmalıyıq. Hər bir gələn xarici vətəndaş qeydiyyatdan keçməlidir. Qanunsuz bir adam da burada işləməməlidir. Biz istənilən anda bilməliyik ki, hansı xarici vətəndaş hansı gündə haradadır və nə ilə, hansı işlə məşğuldur”.

Qarşıya qoyulmuş vəzifələri icra etmək üçün Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə zəruri normativ-hüquqi aktlar qəbul edilib, bir sıra təşkilati tədbirlər həyata keçirilib.

Miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsinə, sənədləşmənin sadələşdirilməsinə xidmət edən tədbirlərdən biri də “Miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2009-cu il martın 4-də imzalanmış Fərman olub. Adıçəkilən Fərmanın tətbiqi ölkədə miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsinə, bu sahədə operativliyin təmin olunmasına və həllini gözləyən problemlərin aradan qaldırılmasına imkan verib. Fərmana əsasən, 2009-cu il iyulun 1-dən miqrasiya proseslərinin idarəolunmasında “bir pəncərə” prinsipinin tətbiq edilməsinə başlanılıb və bu prinsip üzrə vahid dövlət orqanının səlahiyyətləri Dövlət Miqrasiya Xidmətinə həvalə edilib.

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, Xidmətin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il aprelin 8-də imzaladığı Fərmanla Dövlət Miqrasiya Xidmətinə hüquq-mühafizə orqanı statusu verilib.

Bundan əlavə, Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli qanunu ilə “Miqrasiya orqanlarında qulluq keçmə haqqında əsasnamə” və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində qulluq keçən xüsusi rütbəsi olan işçilərin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında əsasnamə” təsdiq edilib.

Eyni zamanda, miqrasiya sahəsində ötən 10 ilin ən mühüm hadisələrindən biri "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Proqramı"na əsasən miqrasiya sahəsində normativ-hüquqi aktlarda müəyyən boşluqların aradan qaldırılması, qanunvericiliyin müasir tələblərə uyğunlaşdırılması, eləcə də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə daxilində statuslarının müəyyənləşdirilməsi ilə bağlı prosedurların daha da sadələşdirilməsi məqsədilə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin hazırlanaraq Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli qanununa əsasən qəbul edilməsi və 2013-cü il avqust ayının 1-dən qüvvəyə minməsi olub. Məcəllə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi ilə bağlı normaları müəyyənləşdirən vahid sənəd kimi ilk dəfə Azərbaycanda qəbul edilməsi ilə də bir yenilik olmuşdu.

Yeni normalarla yanaşı, Məcəllədə miqrasiya sahəsini tənzimləyən müxtəlif normativ-hüquqi aktların, o cümlədən 10-a yaxın qanunun, 20-dən çox Azərbaycan Respublikası Prezidenti aktlarının və Nazirlər Kabinetinin qərarlarının müddəaları toplanmışdı. Miqrasiya ilə bağlı normaların bir sənəddə toplanması istər bu sahədə fəaliyyət göstərən qurumların, vətəndaşlarımızın, istərsə də əcnəbilərin qanunvericiliyin tələbləri barədə məlumatı bir mənbədən, rahat şəkildə əldə etmələrinə imkan yaratmışdı.

Əcnəbilərin ölkəyə artan marağı Azərbaycanın
davamlı və dayanıqlı inkişafının məntiqi nəticəsidir

Dünya bazarında enerji resurslarının qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanın sosial-iqtisadi inkişafı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin uğurla icra olunduğunu əminliklə söyləmək mümkündür. Hazırda Azərbaycanın 2004-cü ildən başlayan inkişaf mərhələsi yeni hədəflərlə müşayiət olunan yeni mərhələyə adlamağa sosial sifariş alıb. Bunu həm əvvəlki iqtisadi tsiklin vəzifələrinin uğurla yerinə yetirilməsi, həm yeni inkişaf hədəflərinin müəyyən edilməsi, həm də dəyişən daxili və beynəlxalq iqtisadi mühit şərtləndirir. Bir ildən artıqdır ki, ölkəmiz yeni islahatlar ab-havası şəraitində yaşayır. Prezident İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi altında islahatlar konsepsiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməkdədir. Prosesin vüsətini, miqyasını, hədəf olaraq seçdiyi vəzifələrin əhəmiyyətini nəzərə alaraq onu islahatların ikinci dalğası adlandırmaq tamamilə yerinə düşərdi. İslahatların ikinci dalğası Azərbaycanın davamlı və dayanıqlı inkişafının məntiqi davamı olub, onun yeni fazaya daxil olması məqsədlərinə xidmət edir.

Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Sosial istiqamət həmişə prioritet olub, dünyada yaşanan iqtisadi tənəzzülün Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün lazımi preventiv addımlar atılıb. Məhz buna görə də sosial proqramların icrasında ləngimə yoxdur. Sosial infrastrukturun yaradılmasına ayrılmış vəsait hesabına ölkədə neçə-neçə tibb müəssisəsi, məktəb, uşaq bağçası tikilmiş və ya əsaslı şəkildə təmir edilib.

Daxili əmək bazarının qorunması kimi mühüm missiyanı yerinə yetirən Dövlət Miqrasiya Xidməti əcnəbi işçi qüvvəsindən istifadənin qanunamüvafiq olaraq tənzimlənməsi istiqamətində ardıcıl tədbirləri müvəffəqiyyətlə davam etdirir. Xidmət dövlətimizin başçısının qarşıya qoyduğu məqsədə uyğun olaraq, Azərbaycanın inkişafından, ilk növbədə, ölkə vətəndaşlarının bəhrələnməsinin təmin olunması üçün əcnəbilərin haqqıödənilən əmək fəaliyyətinə yalnız müəyyən edilmiş kvota çərçivəsində cəlb edilməsinə dövlət nəzarətini uğurla həyata keçirir. Dövlət Miqrasiya Xidməti milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsinə və ölkədə innovativ, rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi işçilərin cəlb olunması mexanizminin yaradılmasına dair müvafiq tədbirlər görməkdədir. Neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə də nəzarət gücləndirilir. Bu istiqamətdə 2013-cü il noyabrın 14-də Dövlət Miqrasiya Xidmətinin iştirakı ilə imzalanmış “BP Eksploreyşn (Kaspian Si) Ltd” şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında milliləşdirmə sahəsində əməkdaşlığa dair protokol”da neft-qaz layihələrində əcnəbi işçi heyətin mərhələlərlə milli kadrlarla əvəzlənməsi məsələlərinə nəzarətin gücləndirilməsi prioritet olaraq müəyyən olunub. 2014-2018-ci illəri əhatə edən plana uyğun olaraq, milliləşdirmə siyasəti nəticəsində neft-qaz layihələrində işləyən Azərbaycan vətəndaşlarının sayı 78 faizdən 90 faizədək yüksəldilib, 2018-ci ilə bu sahədə milli kadrların 95 faiz təşkil etməsi hədəf olaraq müəyyənləşdirilib.

Dövlət Miqrasiya Xidməti rəhbərliyinin iştirakı ilə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu, Kaspian Enerji Beynəlxalq mətbuat qrupu, Amerika Ticarət Palatasının üzvləri, Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Birliyi ilə ayrı-ayrı vaxtlarda çoxsaylı görüşlər keçirilib.

Keçirilən biznes-forumda iş adamları, işəgötürənlərin nümayəndələri, sahibkarlar Dövlət Miqrasiya Xidməti ilə bağlı hər hansı problem deyil, daha çox miqrasiya qanunvericiliyi sahəsində yeniliklər, o cümlədən bəzi təkliflər irəli sürüb. Xidmət tərəfindən hər zaman özəl və biznes sektora diqqət və qayğı göstərilib, problemləri ilə bağlı təhlillər aparılıb, irəli sürülən təkliflərin mümkün qədər tez həll edilməsi üçün tapşırıqlar verilib.

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə 2016-cı il 15 fevral tarixdə Dövlət Miqrasiya Xidməti yanında Apellyasiya Şurası yaradılıb, Şuranın və katibliyinin tərkibi, o cümlədən Əsasnaməsi təsdiq olunub. Şuraya müraciətlərin elektron qəbulu təşkil edilib. Təqdirəlayiq haldır ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən Xidmətə hər hansı şikayət daxil olmayıb.

Ölkədə tolerantlığın yüksək səviyyədə olması
miqrasiya proseslərinə təsir edən əsas amillərdəndir

“Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir”, - deyən ulu öndər Heydər Əliyev bizim cəmiyyət olaraq bəşəri dəyərlərə münasibətimizin ən orijinal və aydın izahını verib. Çünki respublikada dinindən, dilindən, irqindən, milliyyətindən asılı olmayaraq, hər kəs özünü tam sərbəst, rahat hiss edir.

Qloballaşan dünyada mədəniyyətlərarası və dinlərarası dialoq problemi, habelə multikulturalizmlə əlaqədar məsələlər xüsusi yer tutur. Belə bir tarixi dönəmdə dünyanın 140-dan çox ölkəsinin təmsil olunduğu BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna ötən il Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Ona görə ki, tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan və bu sədaqətin nümunəsi olaraq 2016-cı ilin “Multikulturalizm ili” elan edildiyi müstəqil Azərbaycan regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi artıq uzun illərdir mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

“Bakı-2015” ilk Avropa Oyunlarından sonra dünyada 500 milyon tamaşaçı auditoriyası olan Formula-1 Avropa Qran-prisinə, 42-ci Ümumdünya Şahmat Olimpiadasına peşəkarlıqla ev sahibliyi etməsi Azərbaycanın həm də güclü idman dövləti olduğunu, yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini və xalqımızın qonaqpərvərliyini bir daha təsdiqləyir.

Bakı bu ilin mayında IV İslam Həmrəyliyi Oyunlarını qəbul etməyə hazırlaşır. Bu il həm də Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub. Bu, Azərbaycanın dünyada necə nadir bir missiya daşımasının əyani ifadəsidir: Azərbaycan artıq mədəniyyətlərin, dinlərin, fərqli geosiyasi qütblərin əməkdaşlıq məkanı kimi qəbul olunur.

Qeyd edək ki, ötən 10 ildə ölkəmizə təşrif buyuran əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, xitam, bərpa, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı daxil olmuş müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, daxil olmuş sənədlər əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma müddətinin uzadılması ilə bağlı 8 min 119 nəfərin, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazələrin verilməsi ilə bağlı 322 min 779 nəfərin, daimi yaşamaq üçün icazələrin verilməsi ilə bağlı 17 min 166 nəfərin, Azərbaycan Respublikasının ərazisində haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazələrinin verilməsi ilə bağlı 82 min 636 nəfərin müraciəti müsbət cavablandırılıb.

Miqrasiya Məcəlləsinin 54-cü maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə daimi yaşamaq üçün icazə verilməsi ilə bağlı müraciətlərinə baxılarkən, onların Azərbaycan qanunları ilə nəzərdə tutulmuş hüquq və vəzifələri, habelə dövlət dili ilə bağlı biliyi Dövlət Miqrasiya Xidməti, Ədliyyə Nazirliyi və Təhsil Nazirliyi nümayəndələrindən ibarət komissiya tərəfindən yoxlanılır.

Azərbaycanın dövlət dilini bilmək miqrantların yerli əhali ilə ünsiyyətinin asanlaşdırılması və cəmiyyətimizə inteqrasiyası baxımından, əlbəttə, çox mühüm amildir. Respublikamızda müvəqqəti və ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər öz arzuları ilə Azərbaycan dilini, tarixini, mədəniyyətini, öz hüquq və vəzifələri ilə bağlı qanunvericiliyi öyrənmək üçün Dövlət Miqrasiya Xidmətinin Təlim-Tədris Mərkəzinə müraciət edə bilərlər. Onlar üçün müvafiq yer ayrılıb, xüsusi proqramlar hazırlanıb və kurslar təşkil edilib.

Həmçinin olduğu yer üzrə qeydiyyatın Dövlət Miqrasiya Xidmətinə həvalə edildiyi vaxtdan - 2013-cü il aprelin 1-dən respublikamıza girişi qeydə alınmış əcnəbilərdən ölkədə qalma müddətinə uyğun olaraq 2 milyon 596 min 802 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb. Göründüyü kimi, bu qədər müraciətin qəbul edilməsi, baxılıb münasibət bildirilməsi səsləndiyi kimi asan olmasa da, mobil bir qurumun peşəkar kollektivi bu işlərin öhdəsindən yüksək səviyyədə gəlməyi bacarır.

Ümumiyyətlə, Xidmətə müraciət edənlərin məmnunluğunun təmin edilməsi, məsuliyyətlilik, operativlik və şəffaflıq əsas meyardır.

İnsan hüquq və azadlıqlarının müdafiəsi daim diqqət mərkəzindədir

Ötən illərdə əsas insan hüquqlarından biri olan vətəndaşlıq hüququnun əhəmiyyəti və vətəndaşların dövlət qarşısında məsuliyyətini daha da artırmaq məqsədilə Azərbaycan Respublikasının vətəndaşlıq sahəsində qanunvericiliyinə və digər normativ-hüquqi aktlara bir sıra dəyişikliklər edilib. Belə ki, Azərbaycan Prezidentinin 2008-ci il 6 mart tarixli Fərmanına müvafiq olaraq, Dövlət Miqrasiya Xidmətinin vətəndaşlıq məsələlərində iştirakı təmin edilib və həmin dövrdən etibarən Xidmət tərəfindən Azərbaycan vətəndaşlığına qəbul, bərpa, xitam, habelə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı şəxslərdən və müxtəlif təşkilatlardan daxil olmuş sorğuların araşdırılmasına başlanılıb. 

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanununda dəyişikliklər edilməsi barədə 2014-cü il 30 may tarixli Qanuna və həmin Qanunun tətbiqi haqqında Azərbaycan Prezidentinin 2014-cü il 27 iyun tarixli Fərmanına əsasən, Dövlət Miqrasiya Xidməti şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirən müvafiq icra hakimiyyəti orqanı kimi müəyyən olunub. Daha sonra isə həmin Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli qərarı ilə “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası” təsdiq edilib. Sözügedən Qayda hazırlanarkən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli konvensiyanın və digər beynəlxalq konvensiyaların tələbləri nəzərə alınaraq, vətəndaşsızlıq hallarının azaldılması və bu halları yaradan səbəblərə qarşı mübarizə, vətəndaşlığı olmayan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı məsələlər əsas istiqamətlər kimi qeyd olunub. Vətəndaşsızlıq hallarının aradan qaldırılması və qarşısının alınması istiqamətində Dövlət Miqrasiya Xidmətinə həvalə edilmiş vəzifələrin vaxtında və layiqli yerinə yetirilməsi məqsədilə Azərbaycan Prezidentinin 2014-cü il 29 dekabr tarixli Sərəncamı ilə Dövlət Miqrasiya Xidmətinin strukturunda Vətəndaşlıq məsələləri idarəsinə Baş İdarə statusu verilib.

Dövlət Miqrasiya Xidməti tərəfindən vətəndaşsızlıq halları ilə mübarizə sahəsində məlumatlılığın artırılması və bu şəxslərin hüquqi statusunun müəyyənləşdirilməsi zamanı yaranan problemlərin, o cümlədən onların hüquqlarının səmərəli müdafiəsi naminə əməkdaşlığın gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulub. Vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görülüb.

Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə 2008-ci ildən indiyədək 1871 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, 58 nəfər isə bərpa edilib. Vətəndaşlığa qəbul olunmuş şəxslərdən 1341 nəfəri, vətəndaşlığa bərpa edilmiş şəxslərdən isə 38 nəfəri vətəndaşlığı olmayan şəxslərdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda edilmiş dəyişikliklərə uyğun olaraq, 2015-ci ildən Azərbaycan vətəndaşlığına qəbul və ya bərpa edilmiş şəxslərin Xidmətin inzibati binasında təntənəli şəraitdə andiçmə mərasimləri həyata keçirilir. Belə ki, vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslər təntənəli şəraitdə Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə and içirlər.

Bununla belə, Xidmət tərəfindən 100 mindən çox şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti araşdırılıb və araşdırma nəticəsində 70 min 994 şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınaraq, onlar aidiyyəti dövlət qurumu tərəfindən Azərbaycan vətəndaşının şəxsiyyətini təsdiq edən sənədlərlə təmin ediliblər.

Qeyd edək ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda 2014-cü il 30 may tarixdə edilmiş dəyişikliyə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə və ya Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. Bu barədə yazılı məlumat verilməsi üçün ərizə-anketin elektron forması Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsindən əldə edilə bilər. Məlumat verməyən şəxslər Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Həmçinin yeni dəyişikliklər Qanunun 18-ci maddəsini yeni redaksiyada verərək, “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, vətəndaşlığın itirilmə hallarının dairəsini genişləndirib, bununla da Azərbaycanın beynəlxalq konvensiyadan irəli gələn öhdəliklərini qoruyaraq, vətəndaşı dövlətlə münasibətdə daha məsuliyyətli olmağa dəvət edib. Bununla bağlı 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib. Görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir və bu sahədə aparılan işlər daim nəzarətdə saxlanılır.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq yaradılıb və Azərbaycan brendi olan “ASAN xidmət” mərkəzlərində də Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin respublikamızda müvəqqəti və yaxud daimi yaşama, onların ölkəmizdə haqqıödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazələrinin verilməsi, həmçinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi kimi bir neçə xidmət növü təqdim olunur.

Məlum olduğu kimi, əcnəbilərin azad və təhlükəsiz yaşamaq hüququ ilə bağlı bir problem kimi sığınacaq hüququ və onunla əlaqədar məsələlərin həlli olduqca əhəmiyyətlidir.

Qeyd edilməlidir ki, Azərbaycan hələ 1992-ci ildən BMT-nin Qaçqınların statusuna dair 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna qoşulub, habelə ölkəmizin sığınacaqla bağlı milli qanunvericiliyinin beynəlxalq sənədlərə uyğunlaşdırılması işinə başlanılıb.

2008-ci ildən isə qaçqınlar (sığınacaq axtaranlar) haqqında Azərbaycan Respublikası qanunvericiliyinin icrasında Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti təmin edilib. Belə ki, Xidmət qaçqın statusu almaq niyyətində olan şəxslərin vəsatətlərini qəbul edir, araşdırır, qaçqın statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslərin statusunu müəyyənləşdirir və bu statusdan irəli gələn məsələlərin həlli ilə məşğul olur.

Miqrasiya Məcəlləsinə əsasən, artıq qaçqın statusunun verilməsi üçün vəsatət verən, qaçqın statusu almış şəxslərə iş icazəsinin alınması tələb olunmur. Bununla belə, qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən (onunla birlikdə gələn ailə üzvlərini) və qaçqın statusu alan şəxslər Xidmətin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə könüllü yerləşdirilirlər.

Dövlət Miqrasiya Xidmətinin əsas tərəfdaşlıq etdiyi beynəlxalq qurumlardan olan BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həmin tarixdən etibarən himayə müddətinə olduğu yer üzrə qeydiyyatı Xidmət tərəfindən nümayəndəliyin məlumatları əsasında aparılır.

Ötən müddətdə əcnəbi və vətəndaşlığı olmayan şəxslərə sığınacaq almaq üçün müraciət etməyə lazımi şərait yaradılıb. Bununla belə, qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının məktəbəqədər və ya ümumi təhsil müəssisələrində təhsil almalarına, lazımi tibbi yardım almalarına, o cümlədən iş yeri seçməkdə Xidmət tərəfindən aidiyyəti dövlət orqanları ilə birgə kömək göstərilib.

Xidmət qaçqınların mənşə ölkəsinə könüllü surətdə qayıtmaları, daimi yaşayış üçün üçüncü ölkələrə köçürülmələri, statistik məlumatların mübadiləsi üzrə də BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi ilə sıx əməkdaşlıq edilir.

Beynəlxalq əməkdaşlıq və miqrasiya idarəetməsi üçün yaxşı nümunə

Ötən dövr ərzində Xidmətin beynəlxalq əlaqələri genişləndirilib, ikitərəfli və çoxtərəfli əsaslarla münasibətlər inkişaf etdirilib, miqrasiya sahəsində təcrübə mübadiləsinin aparılması və tətbiqi, miqrasiya proseslərinin tənzimlənməsi, qanunsuz miqrasiyanın qarşısının alınması sahəsində əməkdaşlıq perspektivlərinin müzakirə olunması istiqamətində bir sıra əhəmiyyətli addımlar atılıb.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktoru Uilyam Leysi Sinqin 2015-ci ildə Azərbaycana rəsmi səfəri, səfər çərçivəsində Prezident İlham Əliyevin BMqT-nin baş direktorunu qəbulu zamanı ölkəmizdə miqrasiya sahəsində görülmüş işlər, miqrasiya proseslərinin tənzimlənməsində Dövlət Miqrasiya Xidmətinin nümunəvi fəaliyyətinin qeyd edilməsi və BMqT ilə Dövlət Miqrasiya Xidməti arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr xüsusi vurğulanmalıdır. Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Uilyam Leysi Sinq Azərbaycan Prezidentinin qəbulunda olarkən söyləyib: “Mən Sizin rəhbərliyinizlə ölkənizdə, sözün həqiqi mənasında, həyata keçirilən uğurlu işlərdən heyranlığımı ifadə edirəm və Sizə təbriklərimi çatdırıram. Azərbaycanda miqrasiya xidməti işləri çox yüksək səviyyədə aparılır və sözsüz ki, cənab Prezident, Sizin dəstəyiniz olmadan bu sahədə uğurlar əldə etmək mümkün olmazdı. Fikrimcə, miqrasiya sahəsində ölkənizdə həyata keçirilən işlər, ümumilikdə, miqrasiya idarəetməsi üçün çox yaxşı nümunə ola bilər”.

Əlbəttə, cənab Sinqin söylədiyi fikrin ciddi əsasları var. Çünki statistik məlumatlara görə, dünyada 1 milyarddan çox miqrant var. Onların 250 milyonu beynəlxalq miqrantlar, yəni başqa ölkələrə, 750 milyonu isə ölkələrinin daxilində miqrasiya edənlərdir. Proqnozlar göstərir ki, 2030-cu ildə dünya əhalisinin 60 faizi şəhərlərdə məskunlaşacaq. Araşdırmalar inkişaf etməkdə olan ölkələr arasında miqrasiyanın səviyyəsinin artdığını deməyə əsas verir. Həmçinin tədqiqatlar göstərir ki, beynəlxalq miqrantların isə əksəriyyətini əməkçi miqrantlar təşkil edir.

Beynəlxalq miqrantlar tərəfindən mənşə ölkələrində qalan ailə üzvlərinə göndərdikləri pul baratlarının 2016-cı il üçün hesablanan ümumi həcmi 601 milyard dollardır. Bu məbləğ dünyada göstərilən bütün xarici yardımların ümumi məbləğindən iki dəfə çoxdur və az qala bütün xarici investisiyaların məbləğinə bərabərdir.

Hazırda bəşəriyyət İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid olur. İndi dünyada ümumilikdə 65,3 milyon şəxs məcburi olaraq öz yurd-yuvasından didərgin düşərək qaçqın və məcburi köçkünə çevrilib. Avropanın rekord həddə sığınacaq müraciəti qəbul etməsinə baxmayaraq, qaçqınların böyük əksəriyyəti - təxminən 86 faizi hələ də kasıb və ya inkişaf etməkdə olan ölkələr tərəfindən məskunlaşdırılır.

Doğrudur, 2016-cı il bir neçə aspektdən miqrasiya üçün əhəmiyyətli il olub. BMqT-nin BMT sisteminə daxil olması, qaçqınlar və miqrantlarla bağlı Nyu-York Bəyannaməsinin qəbulu bunu deməyə əsas verir. Nyu-York Bəyannaməsi qaçqınların və miqrantların həyatlarını, hüquqlarını qorumaq üçün beynəlxalq ictimaiyyətin siyasi iradəsini özündə ehtiva edir. Bəyannaməni mahiyyətcə bərabər olan iki hissəyə bölmək olar. Birinci hissə miqrantların sağlamlığını, ləyaqətini, əsas insan hüquq və azadlıqlarını qorumaq üçün üzv dövlətlərin dərhal icra etməli olduğu öhdəlikləri əhatə edirsə, ikinci hissədə təhlükəsiz, nizamlı və qanuni miqrasiya üçün ayrı, qaçqınlar üçün ayrı olmaqla 2018-ci ildə qəbulu nəzərdə tutulan qlobal vəhdətə aparacaq hökumətlərarası prosesə başlamaq barədə üzv dövlətlərin niyyətini əks etdirir. Qlobal vəhdət miqrasiya sahəsində daha geniş əməkdaşlıq üçün çərçivə rolunu oynayacaq. Çünki demoqrafik təzyiqlər fonunda miqrasiyanın idarə edilməsinə qanunçuluq, insan hüquq və azadlıqlarına hörmət və ləyaqət prinsiplərini rəhbər tutan yanaşmanın nümayiş etdirilməsi vaxtıdır.

Bəli, həqiqət budur ki, bu gün xarici müdaxilədən əziyyət çəkən, xüsusən Yaxın Şərqdən insanlar özlərinin, ailələrinin canlarını qurtarmaq üçün məcburi köçkün, qaçqın vəziyyətinə düşüblər. Onlar sadəcə olaraq ölməmək üçün bu əzablara qatlaşır, böyük təhlükələrlə üzləşərək Avropaya üz tuturlar. Təəssüf ki, həmin insanlara münasibət heç də Avropanın bəyan etdiyi prinsiplərə uyğun gəlmir. Orada onlara qarşı bəzi hallarda çox nalayiq hərəkətlər edilir, şəxsiyyətləri alçaldılır. Onlar haqqında artıq dünya mediasında çox mənfi rəy formalaşır.

Məlum olduğu kimi, Azərbaycan da 1990-cı illərin əvvəllərində humanitar fəlakətlə üzləşmişdi. Bir milyon insan erməni işğalı nəticəsində öz yerindən-yurdundan didərgin düşmüşdür. Azərbaycan o böhranın öhdəsindən demək olar ki, təkbaşına gəldi. Bu gün də köçkünlərin məşğulluğu, yaşayış şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlər görülür. Doxsan beş qəsəbə salınıb, 250 minə yaxın köçkün yeni gözəl mənzillərə, evlərə köçüb.

Ötən il BMT Baş Assambleyasının “Qaçqın və miqrantların böyük axınının aradan qaldırılması” mövzusunda yüksək səviyyəli görüşündə və görüş çərçivəsində “Qaçqın və miqrantlar, habelə köçürülmə ilə bağlı məsələlər üzrə beynəlxalq tədbirlər və əməkdaşlıq: qabaqdakı yol” adlı “dəyirmi masa”da Azərbaycan nümayəndə heyəti qeyd edib ki, beynəlxalq ictimaiyyət ilk növbədə, yeni silahlı münaqişələrin meydana çıxmasına imkan verməməli və mövcud münaqişələrin dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipi başda olmaqla beynəlxalq hüququn norma və prinsipləri əsasında həll edilməsi istiqamətində səylərini daha da artırmalıdır. Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İcraiyyə Komitəsinin 67-ci sessiyasında da Nyu-Yorkda BMT Baş Məclisi çərçivəsində qəbul olunan "Qaçqınlara və miqrantlara dair Nyu-York Bəyannaməsi"ni xatırladaraq qeyd etdik ki, Azərbaycan bu bəyannaməni beynəlxalq əməkdaşlıq istiqamətində fundamental addım kimi alqışlayır və zorla didərgin salınma probleminə qarşı qlobal və səmərəli cavab reaksiyasına şərait yaradacaq prosesin katalizatoru qismində BMT QAK-a ayrılan rolu, eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatının həmin tədbir çərçivəsində BMT ailəsinə rəsmən qoşulmasını təqdir edir. Yüksək tribunadan bildirilib ki, ölkəmizdə olan qaçqın və məcburi köçkün probleminin miqyasına baxmayaraq, Azərbaycan hökuməti, həmçinin dünyada humanitar fəlakətlərdən ziyan çəkmiş insanlara birbaşa və yaxud beynəlxalq təşkilatlar vasitəsilə vaxtında yardım göstərməkdə maraqlıdır.

Bununla belə, regional əməkdaşlıq fonunda Azərbaycan Respublikasının miqrasiya sahəsində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri ilə əməkdaşlığının əhəmiyyəti böyükdür. Bu sahədə Azərbaycan Respublikası MDB ölkələri ilə miqrasiya sahəsində əməkdaşlıq əlaqələrini əsasən MDB Miqrasiya Orqanları Rəhbərləri Şurası (MORŞ) çərçivəsində həyata keçirir. Azərbaycan həmin Şurada Xidmət tərəfindən təmsil olunur. Çox yaxşı haldır ki, ölkəmizdə ilk dəfə 2010-cu il 28-30 sentyabr tarixində keçirilən MDB Miqrasiya Orqanları Rəhbərləri Şurasının 8-ci iclasının davamı olaraq, 19-cu iclasın da keçən il oktyabrın 12-də Bakıda keçirilməsi Xidmət tərəfindən təşkil edilib.

Ötən müddətdə xaricdə qanunsuz yaşayan vətəndaşlarımızın ölkəyə qayıtması prosesinin beynəlxalq hüquq çərçivədə tənzimlənməsi məqsədilə ilk dəfə 2014-cü il fevralın 28-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş”i imzalanıb və həmin il sentyabrın 1-dən qüvvəyə minib. 2014-cü il dekabrın 3-də Azərbaycan Respublikası Hökuməti ilə Norveç Krallığı Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında imzalanmış Saziş 2015-ci ilin iyunun 1-dən qüvvəyə minib. 2016-cı il oktyabrın 10-da isə “Azərbaycan Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” imzalanıb və bu, aprelin 1-dən qüvvəyə minəcək.

Readmissiya məsələləri ilə bağlı səlahiyyətli milli qurum kimi isə Dövlət Miqrasiya Xidməti müəyyənləşdirilib. Sevindirici haldır ki, vaxtilə, əsasən də 1990-cı illərin əvvəllərində ölkədəki vəziyyətlə əlaqədar olaraq, Azərbaycandan Avropaya üz tutan soydaşlarımızın Vətənə qayıtmaq istəkləri, bu prosesdə maraqlı olduqları müşahidə edilməkdədir.

İmzalanmış readmissiya sazişlərinə uyğun olaraq, 2014-cü ildə 3 nəfərin, 2015-ci ildə 70 nəfərin, 2016-cı ildə 120 nəfərin Azərbaycana readmissiyası həyata keçirilib. Ötən dövrdə sazişin icrası, readmissiya edilmiş vətəndaşların cəmiyyətə səmərəli və dayanıqlı sosial-iqtisadi reinteqrasiyası ilə bağlı əsaslı işlər görülüb.

Həmçinin Dövlət Miqrasiya Xidməti ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında Azərbaycandan miqrantların könüllü qayıdışına yardım üzrə pilot layihənin həyata keçirilməsinə dair 2016-cı il dekabrın 8-də Cenevrə şəhərində imzalanan və Azərbaycan Respublikası Prezidenti tərəfindən 2017-ci il 23 fevral tarixli Fərmanla təsdiq edilən Əməkdaşlıq Sazişi də beynəlxalq səviyyədə qarşılıqlı inam və etimadın nümunəsidir.

Qanunsuz miqrasiyaya qarşı mübarizə Xidmətin əsas fəaliyyət istiqamətidir

Azərbaycanda miqrasiya proseslərinin nəzarətdə saxlanılması, ilk növbədə, milli təhlükəsizliyin hərtərəfli təmini baxımından aktuallıq kəsb edir. 2009-cu ildən miqrasiya idarəetmə sisteminin inkişafı məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq, həvalə edilmiş səlahiyyətlər çərçivəsində Dövlət Miqrasiya Xidməti qanunsuz miqrasiyaya qarşı mübarizədə iştirak edir, miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxır, zəruri hallarda qanunvericiliyi pozmuş əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada tutur. Görülmüş işlərin nəticəsi olaraq, ötən illərdə miqrasiya qanunvericiliyinin tələblərinin pozulması halları ilə bağlı, ümumilikdə172 min 25 nəfər əcnəbi, vətəndaşlığı olmayan şəxs və Azərbaycan Respublikasının vətəndaşı barədə müvafiq qərarlar qəbul olunubdur. 24 min 943 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin isə ölkədən çıxarılması təmin edilib.

Xidmət əməkçi miqrantların çalışdığı iş yerlərində yoxlamalar aparır, onların müvafiq statusa və iş icazələrinə malik olmalarını araşdırır, iş icazəsinin qüvvədə olma qaydalarına nəzarət edir. Bununla bağlı 2012-2015-ci illər ərzində 910 hüquqi şəxs, 405 fiziki şəxs və 330 filial və ya nümayəndəlik olmaqla, ümumilikdə, 1 min 645 sahibkarlıq subyektində yoxlama keçirilib.

Aparılmış yoxlamalar zamanı, ümumilikdə 8 min 760 nəfər əcnəbinin qanunsuz olaraq əmək fəaliyyətinə cəlb edildiyi aşkarlanıb. Yoxlamaların nəticəsi olaraq, 631 sahibkarlıq subyektinə cərimə tətbiq edilməklə barələrində inzibati qərar qəbul olunub. Bunlar əsasən tikinti, tibb, təhsil və digər sahəsi üzrə, o cümlədən küçə ticarəti ilə məşğul olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olub.

2015-ci il noyabrın 1-dən qüvvəyə minən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılıb.

2012-ci ildən Xidmətin Bakı və Yevlax şəhərlərində Qanunsuz miqrantların saxlanılması mərkəzləri fəaliyyətə başlayıb. Mərkəzlərdə Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçıran, readmissiya sazişləri çərçivəsində readmissiya edilməli olan, qaçqın statusu almaq üçün müraciət etmiş, yaxud qaçqın statusu almış əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin Xidmətin qanunsuz miqrantların saxlanılması mərkəzlərində könüllü və ya məcburi yerləşdirilməsi təmin edilib.

Məlum olduğu kimi, 2015-ci ildən Avropaya qeyri-leqal miqrant axınının genişləndiyi vaxtda bəzi Şərq ölkələrindən Azərbaycan Respublikasının ərazisinə əsasən sadələşdirilmiş viza ilə gəlib, daha sonra əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri dəniz yolu ilə Avropaya gedən miqrant axınına qoşmağa cəhd göstərən 8 dəstə ötən müddət ərzində aşkarlanan 78 nəfər saxlanılıb və barələrində müvafiq tədbirlər görülüb.

Qanunsuz miqrasiyanın qarşısının alınması ilə bağlı fəaliyyət istiqamətinə uyğun olaraq, Xidmət Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur bölmələri ilə insan alverinə qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə təsdiq edilmiş birgə tədbirlər planına əsasən mütəmadi olaraq yoxlama tədbirləri aparır.

Miqrasiya Məcəlləsinin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşı ilə yaxın qohumluq münasibətində olma əsası ilə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi üçün müraciət etmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin bu məqsədlə 97 halda məqsədli nikaha daxil olma halları müəyyən edilib və bununla bağlı sui-istifadənin qarşısı alınıb.

Elektron turist vizası əsasında Azərbaycan Respublikasına gəlmiş və sonradan qanunsuz miqranta çevrilmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirmiş turizm şirkətlərinin nümayəndələri ilə bu cür vizaların verilməsi zamanı qanunsuz miqrasiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə görüşlər keçirilmiş və izahedici söhbətlər aparılıb.

İşgüzar səfər, elm və ya təhsil və digər məqsədləri ilə verilən giriş vizası əsasında Azərbaycan Respublikasına gələn, sonradan Azərbaycan Respublikasının ərazisində olduğu dövrdə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olan xarici ölkə vətəndaşları ilə bağlı Xidmət tərəfindən müvafiq tədbirlər görülüb.

Əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış və girişinə müəyyən müddətə məhdudiyyət qoyulmuş əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin həmin müddət ərzində bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olması hallarının qarşısı alınıb. Belə ki, bununla bağlı 2016-cı il 1 mart tarixindən qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq əvvəllər də bu kimi hallar daxil olmaqla, ümumilikdə 58 nəfər aşkar edilib.

Miqrasiya orqanlarında yeni informasiya
texnologiyaları və proqram təminatı tətbiq edilir

Azərbaycanda informasiya və telekommunikasiyanın inkişafı istiqamətində görülmüş tədbirlər bir sıra perspektiv irəliləyişlərə yol açıb. Qürurverici haldır ki, müstəqilliyinin bərpasının 25-ci ildönümünü bir neçə ay əvvəl təntənə ilə qeyd etdiyimiz Azərbaycan həm də bu gün öz peykinin orbitə çıxarılması ilə kosmik ölkələr klubuna daxil olub, həmçinin bu hadisə Azərbaycanı dünya miqyasında, beynəlxalq aləmdə kosmik sənaye sahəsində nailiyyətlər qazanan ölkələr sırasına daxil etdi. “Azerspace–1” və “Azersky” peykləri dünya kosmik ailəsində ölkəmizin layiqli yer tutmasını təmin etdi. Əlbəttə, növbəti telekommunikasiya peykimiz “Azerspace–2”nin orbitə çıxarılması Azərbaycanda kosmik sənayenin inkişafında yeni mərhələnin təməlini qoyacaq.

Texnologiya parklarının fəaliyyətə başlaması, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqi, istehsal və investisiya yönümlü innovativ layihələrə dövlət dəstəyi, o cümlədən güzəştli maliyyə təminatı respublikamızda təşəkkül tapmaqda olan startapların inkişafına, gənclərin təşəbbüskarlığının artmasına və nəticə etibarilə iqtisadiyyatımızın dinamik yüksəlişinə xidmət göstərir.

Əlbəttə, əldə olunan uğurlar ötən bu 10 ildə Dövlət Miqrasiya Xidmətinin fəaliyyətindən də yan keçməyib. Belə ki, 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Sərəncama uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sisteminin (VMMS) fəaliyyəti təmin edilib. Daha sonra VMMS-nin “Giriş-Çıxış və Qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə və Ədliyyə Nazirliyinin Əhalinin Dövlət Reyestrinə inteqrasiyası təmin olunub, həmçinin Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi ilə məlumat mübadiləsi yaradılıb.

2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vahid Miqrasiya Məlumat Sistemi haqqında Əsasnamə”yə uyğun olaraq, Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunun aparılması, miqrasiya proseslərinin idarə olunmasında iştirak edən dövlət orqanlarının zəruri informasiya ilə təmin edilməsi, miqrasiya ilə bağlı sənədləşmə, yoxlama, sorğu və təhlil işlərinin avtomatlaşdırılması və bu sahədə göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə bir sıra işlər görülüb. Texnoloji yeniliklər nəzərə alınmaqla Sistemin mütəmadi olaraq inkişafı və təkmilləşdirilməsi təmin edilib.

Eyni zamanda, ölkədə qanunsuz yaşayan əcnəbilərin müəyyən edilməsi prosesinin daha da təkmilləşdirilməsi, miqrasiya sahəsində monitorinq həyata keçirilməsi və nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görülməsi məqsədilə hazırlanmış proqram təminatı vasitəsilə Xidmət qanunsuz miqrantları vaxtında müəyyən edir və qanunsuz miqrasiyanın qarşısını daha tez alır.

Görülmüş işlərin nəticəsidir ki, bu gün Dövlət Miqrasiya Xidməti VMMS vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işləməsinə və nə vaxt ölkəni tərk etməsinə tam nəzarət edir.

Bununla belə, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruriliyi nəzərə alınaraq, 2011-ci il 1 sentyabr tarixindən Xidmət tərəfindən elektron xidmətlərin göstərilməsi təmin edilib. Xidmət tərəfindən əhaliyə göstərilən 11 elektron xidmətin “Elektron hökumət” portalına inteqrasiyası təşkil olunub.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının cərimə və rüsumlarının real vaxt rejimində elektron formada ödənilməsi məqsədilə 2013-cü ildə Xidmətin Hökumət Ödəniş Portalına qoşulması təmin edilib. Keçən il isə sərhəd buraxılış məntəqələrində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin sürətli keçidinin təmin edilməsi, o cümlədən onlar tərəfindən həm maddi, həm də vaxt itkisinin qarşısının alınması məqsədilə Xidmət tərəfindən inzibati cərimə tətbiq olunan şəxslərin “ASANPAY” ödəniş sistemi vasitəsilə ödəməni həyata keçirdikdən sonra ölkədən maneəsiz çıxışının dərhal təmin edilməsi təşkil olunub.

Xidmətdə elektron sənəd dövriyyəsi tətbiq edilib.

Miqrasiya sahəsində yeniliklər barədə
ictimaiyyət daim məlumatlandırılır

Durmadan yeniləşən dünyamızda yaranan informasiya bolluğu bizləri daha çox yeniliklər etməyə və daha məlumatlı olmağa həvəsləndirir. Əlbəttə, ölkəmizə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslər də miqrasiyanın mənfi təsirlərindən qorunmaq üçün gəldikləri ölkənin qanunları barədə məlumatlı olmağa səy göstərirlər. 

Əsas vəzifələrindən biri miqrasiya məsələləri ilə bağlı əhalinin məlumatlandırılması olan Dövlət Miqrasiya Xidmətinin gördüyü işlər barədə ictimaiyyəti yaxından tanış etmək, öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılması məqsədilə bir sıra işlər görülüb. Belə ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə ictimaiyyətinin ətraflı məlumat almaları üçün 2008-ci ildə Xidmətin (www.migration.gov.az) internet səhifəsi istifadəyə verilib. Xidmətin rəsmi saytı 2016-cı ildə tamamilə yenilənib, həm funksionallıq, həm dizayn baxımından müasirləşdirilib, zamanın tələbinə uyğunlaşdırılıb.

2008-ci il dekabrın 1-dən isə Dövlət Miqrasiya Xidmətinin 3 dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən Miqrasiya Məlumat Mərkəzi (919) yaradılıb. Bu Mərkəzin də fəaliyyəti ötən il yenidən qurulub, texniki imkanları genişləndirilməklə xidmətin keyfiyyəti yüksəldilmiş, o cümlədən dövlət orqanında qanunçuluğun təmin edilməsi, müraciətlərin obyektiv araşdırılması və cavablandırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Nazırlər Kabinetinin 2015-ci il 25 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında “Çağrı mərkəzləri”nin fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə uyğunlaşdırılıb. Ötən dövrdə “Çağrı mərkəzi”nə təxminən 500 minə yaxın telefon zəngi daxil olub. Hər bir sorğu mövcud qanunvericiliyin tələbləri çərçivəsində cavablandırılıb.

2010-cu ildən Dövlət Miqrasiya Xidmətinin Azərbaycan, rus və ingilis dillərində dərc edilən “Miqrasiya” jurnalının nəşri mütəmadi olaraq təşkil olunur. Jurnalda Azərbaycanın miqrasiya tarixi, miqrasiya siyasəti, miqrasiya proseslərinin tənzimlənməsi mövzularına, miqrasiya prosedur qaydalarına geniş yer verilir.

Ölkənin sərhəd nəzarət buraxılış məntəqələrindən keçərək ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin məlumatlandırılması məqsədilə onlara elə sərhəddəcə Azərbaycan, rus və ingilis dillərində olan müvafiq bildiriş verilir.

“Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı”na uyğun olaraq, respublikanın əksər bölgələrində əcnəbi və vətəndaşlığı olmayan şəxslər, vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar, işəgötürənlər, sahibkarların nümayəndələrinin iştirakı ilə “Açıq qapı günü” tədbirləri və səyyar xidmətlər təşkil edilir.

Qeyd olunanlarla yanaşı, Xidmətin fəaliyyətində ictimai iştirakçılığın tətbiqi məqsədilə Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura yaradılıb. 2015-ci il mayın 20-də İctimai Şuraya seçkilər keçirilib. Şura fəaliyyətə başladığı vaxtdan bir neçə dəfə onun üzvləri ilə Xidmət rəhbərliyinin görüşü təşkil edilib. Görüşlərdə Şura tərəfindən verilmiş təkliflər müzakirə olunub, o cümlədən Şuranın fəaliyyətinə həsr edilən məlumat sessiyaları keçirilib.

Düzgün kadr siyasəti uğurun əsas rəhnidir

Əlbəttə, əldə olunan uğurların əsasını Xidmətdə kadr siyasəti təşkil edir. Ötən 10 ildə kadrlara olan tələbat müəyyənləşdirilərək işə qəbulla əlaqədar keçirilmiş müsabiqə və müsahibənin nəticəsi olaraq, kadrların işə qəbulu təşkil edilib. 

Miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən 56 əməkdaş Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamlarına əsasən, “Vətənə xidmətə görə” Azərbaycan Respublikasının ordeni, o cümlədən “Dövlət qulluğunda fərqlənməyə görə” və “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalları ilə təltif edilib.

Xidmət hər zaman Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunub və miqrasiya orqanları işçilərinin sosial təminatının yaxşılaşdırılması dövlətimizin başçısı tərəfindən daim diqqət mərkəzində saxlanılır.

Hazırda istər sosial-iqtisadi, istərsə də hərbi sahədə Azərbaycanın potensial imkanları kifayət qədər böyükdür. Dövlətimizin başçısının qeyd etdiyi kimi, 2016-cı il ölkəmizin şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq. Çünki ötən ilin aprelində Erməni silahlı qüvvələrinin təxribatının qarşısını alan ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu və işğal edilmiş torpaqların bir hissəsini azad etdi.

On illik yubileyini qeyd edən Dövlət Miqrasiya Xidməti də ulu öndər Heydər Əliyev ideyalarına sadiq qalaraq Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın milli inkişaf strategiyasının reallaşdırılmasına, əhalinin sosial rifahının yüksəldilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artırılmasına, iqtisadi təhlükəsizliyin, milli maraqların və sabitliyin təmin olunması istiqamətində tədbirlərin ardıcıl şəkildə həyata keçirilməsinə öz töhfəsini vermək və Xidmətin hər bir əməkdaşı göstərilən etimadı doğrultmaq əzmindədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb