DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ GÖRÜŞ
bp-Azərbaycan şirkətinin yeni prezidenti Bill Şreyderi təyinatı münasibətilə təbrik edən R.Abdullayev, bp şirkəti ilə ARDNŞ arasında əməkdaşlığın genişlənməsinin və möhkəmlənməsinin hər iki tərəf üçün əhəmiyyətli olduğunu və bu istiqamətdə Bill Şreyderin üzərinə böyük məsuliyyət düşdüyünü bildirdi.
O, həmçinin bp-Azərbaycan şirkətinin səlahiyyət müddətləri bitmiş prezidenti Devid Vudvordun Bakıdakı fəaliyyətini yüksək qiymətləndirdi.
ARDNŞ prezidenti Rövnəq Abdullayev son 8 ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsində qazandığı uğurların bu layihənin operatoru bp şirkəti və ona rəhbərlik etmiş Devid Vudvordun adı ilə bağlı olduğunu qeyd etdi. D. Vudvordun Azərbaycan neft-qaz sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə ARDNŞ-in Fəxri fərmanını və xatirə hədiyyələrini ona təqdim etdi.
Devid Vudvord Azərbaycandakı fəaliyyətindən razılıq hissi ilə danışaraq ötən müddətdə Azərbaycan Hökuməti və ARDNŞ rəhbərliyi tərəfindən ona göstərilmiş köməyə və təqdim olunan mükafatlara görə təşəkkürünü bildirdi.
Daha sonra bp şirkətinin təmsilçiləri Azərbaycanın təbii qazla təchizatı, “Şahdəniz” qazının çıxarılması və nəqli məsələlərinə dair ətraflı fikir mübadiləsi apardılar.