Dövlət sifarişi əsasında təhsilalanlar eyni ixtisas üzrə köçürülmə zamanı təhsillərini ödənişsiz davam etdirirlər
Bakı, 4 fevral, AZƏRTAC
Dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi zamanı tələbələr təhsillərini ödənişsiz davam etdirirlər.
AZƏRTAC xəbər verir ki, bunu tələbələrin köçürülməsi mövzusunda təşkil olunan canlı yayımda Təhsil Nazirliyinin əməkdaşı Günay İsgəndərova deyib. O bildirib ki, bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
Xatırladaq ki, fevralın 1-dən tələbələrin köçürülməsi prosesinə başlanılıb. Elektron sənəd qəbulu fevralın 7-dək davam edəcək. Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali məktəblərdən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi transfer.edu.az portalı vasitəsilə həyata keçirilir. Portala müraciət edən şəxslər köçürülmək istədiyi təhsil müəssisəsini seçmək imkanına malikdir. Bunun üçün təhsilalanlar tələb olunan məlumatları daxil etməklə köçürülmə meyarlarına uyğun gəlib-gəlmədiyini müəyyənləşdirə bilərlər.
Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir. Portal fəaliyyətə başladığı gündən indiyədək 9 mindən çox tələbənin köçürülməsi həyata keçirilib. Portal vasitəsilə tələbə köçürülməsi xidməti ödənişsizdir.