DÖVLƏT TORPAQ VƏ XƏRİTƏÇƏKMƏ KOMİTƏSİ ŞƏKİDƏ ZONA MÜŞAVİRƏSİ KEÇİRMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbər işçilərinin, həmin komitənin Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon şöbələri əməkdaşlarının, habelə bu rayonların icra hakimiyyəti və bələdiyyə orqanları nümayəndələrinin qatıldığı müşavirənin iştirakçıları əvvəlcə soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Seminar-müşavirədə respublikamızda aparılan torpaq islahatları nəticəsində əldə edilən uğurlardan danışılaraq bildirilmişdir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan mükəmməl hüquqi bazaya malik bu islahatlar respublikamızda dinamik inkişafın təmin olunmasında, yeni mülkiyyətçilər sinfinin formalaşmasında, işsizlik probleminin aradan qaldırılmasında, torpaq-əkinçi münasibətlərinin stimullaşdırılmasında mühüm rol oynamışdır.
Müşavirə iştirakçılarının nəzərinə çatdırılmışdır ki, hüquqi əqdlərin bağlanması, müvafiq sənədlərin alınması, yaranmış problemlərin, mübahisələrin və digər məsələlərin vaxtında həll edilməsi məqsədilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin bölgələrdə Regional torpaq qeydiyyatı mərkəzləri fəaliyyətə başlamışdır ki, bu da ölkə vətəndaşlarının bu sahədə yaranan problemlərinin həllinə şərait yaradır.
Sonra komitənin əməkdaşları müşavirə iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır.
İşgüzar şəraitdə keçən müşavirənin sonunda bələdiyyələrin və yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə vətəndaşların ərizə və şikayətlərinə baxılmış, bu şikayətlərin obyektiv araşdırılması ilə bağlı komitənin rayon şöbələrinə və bələdiyyələrə lazımi tövsiyələr verilmişdir.