Döyüş Federasiyaları Assosiasiyasının yenidən qurulması daha böyük uğurların qazanılmasına töhfə verəcək
Bakı, 1 mart, Leyla Qurbanova, AZƏRTAC
1998-ci ildə təsis olunan Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) “İctimai birliklər haqqında” qanuna əsasən yenidən qurulması vacib idi. Məqsədimiz ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına dəstək verməklə Azərbaycan dövlətini beynəlxalq arenada yüksək səviyyədə təmsil edən, döyüş sənətlərinin kütləviliyinə töhfə verən federasiyaların birliyini yaratmaqdır.
AZƏRTAC xəbər verir ki, bunu martın 1-də ADFA-nın prezidenti Azər Həsənsoy Assosiasiyanın yeni formatda qurulması münasibətilə təşkil olunan mətbuat konfransında deyib.
A.Həsənsoy bildirib ki, ADFA federasiyalar arasında qarşılıqlı əməkdaşlığın və hüquq prinsiplərinin qorunması istiqamətində iş aparmaq, yüksəkixtisaslı idmançılar yetişdirmək, təkmilləşdirmək, məşqçi və hakim kursları təşkil etmək, idman sahəsində elmi işlər aparmaq, döyüş növlərini araşdırmaq, təcrübələri bölüşmək üçün ən yaxşı idman mütəxəssislərini bu sahəyə cəlb etməyi planlaşdırır. Döyüş sənətinə yiyələnən gənclərin fiziki və mənəvi cəhətdən inkişafı, Vətənə məhəbbət ruhunda yetişmələri, narkomaniya və cinayətkarlıqdan uzaq qalmaq üçün maarifləndirilməsini təmin etmək qurumun əsas hədəflərindən biridir.
Tədbirdə Alpaqut Turan döyüş sənətinin müəllifi Vasif Namazov, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, digər federasiyaların və qurumların nümayəndələri çıxış edərək döyüş növləri üzrə klub, liqa və federasiyaların sıx əməkdaşlığının daha böyük uğurların qazanılmasına mühüm töhfə verəcəyinə əminliklərini bildiriblər.
Tədbirdə ADFA-nın tərkibinə daxil olan federasiya, təşkilat və departamentlərin nümayəndələri, idman mütəxəssisləri, klubların rəhbərləri, məşqçilər və hakimlər iştirak ediblər.