DÜNYA AZƏRBAYCANLILARI KONQRESİNİN QADINLAR ŞURASI SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” KEÇİRMİŞDİR
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
“Dəyirmi masa”da şuranın sədri, Milli Məclisin deputatı Havva Məmmədova, Mərkəzin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov, Dünya Azərbaycanlıları Konqresinin vitse-prezidenti Xəzər Emin, BDU-nun dosenti Atamoğlan Məmmədli, xalq artisti Niyaməddin Musayev, Milli Kitabxananın şöbə müdiri Xuraman İsmayılova və başqaları çıxış etmişlər. Onlar əsrlər boyu ermənilərin türklərə, azərbaycanlılara qarşı törətdiyi soyqırımına dair konkret faktlar gətirmişlər. Bildirilmişdir ki, soyqırımı və deportasiya siyasəti xalqımız üçün iqtisadi, siyasi, maddi və mənəvi planda ağır nəticələr vermişdir. İki yüz ilə yaxın davam edən bu bədnam siyasət və məqsədyönlü fəaliyyət nəticəsində əzəli Azərbaycan torpaqları təcavüzkar qonşular tərəfindən qəsb edilmiş, yüz minlərlə soydaşımız əzab-əziyyətlə öldürülmüş, doğma yurdlarından didərgin salınmış, qiymətli maddi-mədəniyyət abidələri vəhşicəsinə məhv edilmişdir. 1918-ci ilin yazında Bakı, Şamaxı, Quba, Qarabağ, Lənkəran, Gəncə, Zəngəzur və digər bölgələrdə ermənilər, o cümlədən bolşevik maskası altında çirkin daşnak siyasəti yürüdən Stepan Şaumyan və onun əlaltıları azərbaycanlılara qarşı vəhşiliklər törətmiş, 70 mindən artıq günahsız əhalini xüsusi amansızlıqla qətlə yetirmiş, kəndləri viranəyə çevirib sakinləri yurd-yuvalarından didərgin salmışlar.
Xüsusi vurğulanmışdır ki, anım günləri yas günlərinə çevrilməməli, xalqımızı mübarizəyə sövq etməli, bədnam qonşuların əməllərinin dünyada ifşasına təkan verməlidir. Xüsusilə qadınlar bu mübarizə yolunda birləşməli, sülh proqramı işləyib hazırlamalıdırlar. Çünki sülhün bərqərar olmasında onlar daha çox maraqlıdırlar, müharibədə onlar daha çox uduzurlar - ata, ər, oğul, qardaş itirirlər.
Natiqlər ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət sayəsində torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə inamlarını bildirmişlər.