DÜNYA AZƏRBAYCANLILARI ZİYALILARININ I FORUMU ÇƏRÇİVƏSİNDƏ BİR SIRA TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Əvvəlcə Amerika Azərbaycanlıları Assosiasiyasının yaradılması ilə bağlı müzakirələr olmuşdur. Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız 50 milyonluq Azərbaycan xalqının mənafeyi və hüquqlarının qorunması, habelə Azərbaycan həqiqətlərinin ABŞ ictimaiyyətinə obyektiv çatdırılması üçün vahid təşkilat olan bu assosiasiyanın yaradılması barədə razılığa gəlmişlər.
Sonra Dünya Azərbaycanlıları Konqresinin (DAK) qarşıdan gələn IX qurultayı ilə bağlı toplantı keçirilmişdir. Konqresin sədri Cavad Deraxti və digər üzvlər Tallinn şəhərində keçiriləcək qurultayın əsas tezisləri ətrafında fikir mübadiləsi aparmışlar.
Bəstəkar Firəngiz Əlizadənin yaradıcılığı haqqında alman dilində nümayiş etdirilən film də soydaşlarımız və Antalyada istirahət edən əcnəbi turistlər tərəfindən maraqla izlənilmişdir.
Günün sonunda forum iştirakçıları kinorejissor Oqtay Mirqasımovun “Ovsunçu” filminə tamaşa etmişlər. Azərbaycan incəsənət ustalarının konserti xarici ölkələrdə yaşayan soydaşlarımızın böyük marağına səbəb olmuşdur.
İyunun 9-da Avropa Azərbaycanlıları Konqresinin hesabat seçki konfransına hazırlıqla bağlı müzakirələr və tədbirlərin yekununa dair toplantı keçiriləcəkdir.