Dünya çempionatının dördüncü günündə Azərbaycanın bir cüdoçusu mübarizə aparıb
Bakı, 31 avqust, AZƏRTAC
Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatının dördüncü günündə - avqustun 31-də Azərbaycanın bir cüdoçusu tatami üzərinə çıxıb. Mundialın dördüncü günündə kişi və qadın cüdoçular mübarizəyə 1/32 final mərhələsindən başlayıblar.
AZƏRTAC xəbər verir ki, qadın cüdoçuların yarışında Azərbaycanı 63 kiloqram çəki dərəcəsində Gülsədəf Kərimova təmsil edib.
Yığmamızın üzvü, 2012-ci ildə Bakıda keçirilmiş beynəlxalq Qran-Pri turnirinin qalibi Gülsədəf Kərimova dünya çempionatında ilk görüşündə venesuelalı idmançı Anrikuelis Barrios ilə üz-üzə gəlib. 1/32 final mərhələsində Panamerika çempionatının üçüncüsü olan rəqibinə ipponla uduzan cüdoçumuz yarışda mübarizəni dayandırıb.
Səksən bir kiloqram çəki dərəcəsində kişi cüdoçuların yarışında isə ölkəmiz təmsil olunmayıb.
Hazırda aktivində iki gümüş medal olan Azərbaycan yığması dünya çempionatında komanda hesabında üçüncü pillədədir. Millimizin heyətində Orxan Səfərov (60 kq) və Rüstəm Orucov (73 kq) gümüş medallar qazanıblar.
Azərbaycan milli komandası bu mötəbər yarışa 17 nəfərlik (9 kişi, 8 qadın) heyətlə qatılıb. Çempionata sentyabrın 3-də yekun vurulacaq.