DÜNYA İCTİMAİYYƏTİ XOCALI SOYQIRIMI HAQQINDA HƏQİQƏTİ BİLMƏLİDİR
Ölkəmizin Rusiyadakı səfirliyi Azərbaycan Prezidenti Heydər Əliyevin “Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti”ni və Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin, Bakı və Xəzəryanı bölgənin yepiskopu Aleksandrın və dağ yəhudiləri icmasının başçısı Semyon İxiilovun “Dünya xalqlarına, dövlət başçılarına, parlamentlərə, din xadimlərinə və beynəlxalq təşkilatlara müraciəti”ni yaymışdır.
Hər iki müraciət Rusiya Federasiyası Prezidentinin İcra Aparatına, RF Federal Məclisinin Federasiya Şurasına, Dövlət dumasına, XİN-ə, BMT-nin Rusiyadakı nümayəndəliyinə, Avropa Birlikləri Komissiyasının Rusiyadakı nümayəndəliyinə, Vatikanın Rusiyadakı nümayəndəliyinə, Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinə və Rusiyada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərə göndərilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan xalqına müraciətində deyilir ki, 1994-cü ildən başlayaraq Azərbaycan hökuməti və parlamenti Xocalı soyqırımı və bütövlükdə erməni şovinist- millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların soyqırımı siyasəti kimi tanınmasına nail olmaq xətti yeridir. Bu, həm də faciənin beynəlxalq hüquqi-siyasi qiymət almasına, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılmasına yönəlmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva