Dünya mətbuatı Qoşulmama Hərəkatının Zirvə görüşünü Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfəsi kimi dəyərləndirir
Bakı, 6 may, AZƏRTAC
BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan və 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşü dünyada böyük maraq oyadıb. Bu sammit göstərdi ki, Azərbaycanın qlobal səyləri beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəklənir. Qoşulmama Hərəkatı fikir mübadiləsi, qlobal həmrəylik və əməkdaşlıq üçün səmərəli platformaya çevrilib. Azərbaycan öz təşəbbüsləri və praktik addımları ilə beynəlxalq əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə, qlobal pandemiya ilə mübarizədə səylərin birləşdirilməsinə ciddi töhfələr verir.
Videokonfrans vasitəsilə keçirilmiş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü dünya mətbuatının gündəmindədir. Mayın 5-də və 6-da xarici KİV-lər bu mövzuda AZƏRTAC-ın materialları əsasında informasiyalar, məqalələr və şərhlər yaymaqda davam ediblər.
İtaliyanın “Notizie Geopolitiche” onlayn qəzetində dərc olunmuş məqalədə Azərbaycanın COVID-19-la mübarizəyə regional və qlobal miqyasda əhəmiyyətli töhfə verdiyi diqqətə çatdırılır. Bu sammitin pandemiyaya qarşı səylərin birləşdirilməsi istiqamətində Azərbaycanın təşəbbüsü ilə keçirilən ikinci Zirvə görüşü olduğu vurğulanır. Qəzet Prezident İlham Əliyevin açılış nitqinə istinadla Azərbaycanda koronavirusun yayılmasının qarşısının alınmasında görülən tədbirlərdən, insan həyatının qorunması və əhalinin sosial müdafiənin təmin edilməsi üçün atılan diqqətəlayiq addımlardan bəhs edir.
Malayziyanın rəsmi informasiya agentliyi olan BERNAMA ilə yanaşı, “New Straits Times”, “The Star”, “Malay Mail”, “Free Malaysia Today” və “The Malaya Post” qəzetləri də Zirvə görüşü barədə geniş materiallar dərc edib. Zirvə görüşündə iştirak edən Malayziyanın Baş Naziri Muhyiddin Yassinin fikirlərinə yer verilən materiallarda qlobal pandemiyaya qarşı mübarizədə birgə səyləri təşviq edən Azərbaycan Prezidentinin təşəbbüsünün təqdirəlayiq olduğu vurğulanır.
Avropa İttifaqının böyük oxucu auditoriyası olan "Euractive" portalı da Zirvə görüşünə dair geniş məqalə yayıb. Məqalədə Prezident İlham Əliyevin nitqindən sitatlar gətirilir, Azərbaycanın pandemiya ilə mübarizə təcrübəsindən bəhs olunur. Vurğulanır ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına dəstək olaraq 10 milyon dollar maliyyə yardımı ayırıb. Portal pandemiya ilə mübarizədə qlobal həmrəyliyin və əməkdaşlığın əhəmiyyətini qeyd edir, Qoşulmama Hərəkatının Zirvə görüşünü buna yaxşı nümunə adlandırır.
Qoşulmama Hərəkatının Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən Zirvə görüşünün əhəmiyyəti barədə materiallara, həmçinin Macarıstan, İndoneziya, Vyetnam, Özbəkistan, Türkmənistan, Gürcüstan, Türkiyə, Rusiya, Belarus, Venesuela, Argentina, Banqladeş, Kamboca, İran, Hindistan və digər ölkələrin KİV-ləri geniş yer ayırıb.
Materiallarda qeyd edilir ki, Azərbaycan Prezidentinin beynəlxalq əməkdaşlığa çağırışları Qoşulmama Hərəkatına üzv ölkələrlə yanaşı, BMT, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı, Afrika İttifaqı Komissiyası tərəfindən də dəstəklənir və təqdir olunur. KİV-lər pandemiyaya qarşı mübarizədə Qoşulmama Hərəkatının danılmaz və əhəmiyyətli rolunu qeyd edir və vurğulayır ki, qlobal təhlükəni yalnız birgə səylərlə dəf etmək mümkündür. Zirvə görüşü bu qlobal çağırışa zamanında verilmiş cavabdır.