CƏMİYYƏT
DÜNYA SƏHİYYƏ TƏŞKİLATININ YÜKSƏK QİYMƏTİ
Regional Sertifikatlaşdırma Komissiyasının sədri Cozef Smitin başçılığı ilə Dünya Səhiyyə Təşkilatının /DST/ bir qrup eksperti mayın 27-31-də Azərbaycanda olmuşdur. Səfərdən əsas məqsəd poliomielitin aradan qaldırılması sahəsində aparılan işlərin öyrənilməsindən və sertifikatlaşdırma prosesinə hazırlıq görməkdən, Regional Sertifikatlaşdırma Komissiyasının Səhiyyə Nazirliyi ilə birgə hazırladığı tövsiyələr planını müzakirə etməkdən, ölkənin bir sıra rayonlarında, o cümlədən çadır şəhərciklərində immunlaşdırmanın gedişi ilə tanış olmaqdan ibarətdir. Mayın 26-29-da DST-nın nümayəndəsi Dalya Quriş Milli İmmunlaşdırma Günlərinin keçirilməsinin və kəskin iflicli xəstələrin qeydə alınmasının gedişi ilə tanış olmaq üçün Naxçıvanda olmuşdur.
Səfərin sonunda səhiyyə naziri Əli İnsanov DST-nin nümayəndə heyətini qəbul etmişdir. Nazir səhiyyədə aparılan islahatlardan, bu sahədə qəbul olunmuş və əhaliyə tibbi xidmətin yaxşılaşdırılmasına, özəl sektorun inkişafına yönəldilmiş qanunlardan danışmışdır. Əli İnsanov kəsgin yoluxucu xəstəliklərlə mübarizə sahəsində görülən tədbirlərdən söz açaraq demişdir ki, Azərbaycan Prezidenti Heydər Əliyevin dəstəyi sayəsində tibb işçilərinin 1990-cı illərdə ölkəmizdə poliomileitin kökünün kəsilməsi ücün göstərdiyi səylər bu təhlükəli xəstəliyə tamamilə son qoyulması ilə nəticələnmişdir. Hazırda malyariya ilə fəal mübarizə aparılır və onun yayılma sahəsini 49 rayondan 5 rayonadək azaltmaq mümkün olmuşdur. Vərəmlə mübarizə sahəsində də fəal iş gedir. Əgər 2001-ci ildə Bakıda 15 vərəm meningiti hadisəsi qeydə alınmışdısa, cari ilin 5 ayında cəmi 1 belə hal olmuşdur.
Nümayəndə heyətinin başçısı Cozef Smit immunlaşdırmanın vəziyyətinə, - o cümlədən qaçqın-köçkün uşaqları arasında,- vaksinlərin saxlanması sahəsində görülən işlərə, tibb işçilərinin peşəkarlığına, diaqnostikanın səviyyəsinə yüksək qiymət vermişdir. O bildirmişdir ki, iyunda DST Avropa regionunu poliomielitsiz region elan etmək niyyətindədir. DST ekspert qrupu da region ölkələrinə məhz bu məqsədlə gəlmişdir. Azərbaycan poliomielitlə mübarizə sahəsində zəngin təcrübəyə malikdir və bu təcrübə həmin xəstəliyin müşahidə olunduğu ölkələrdə yayılmağa layiqdir.