“Dünya susmasın gərək” kitabı təqdim olunub
Bakı, 19 fevral, Z.Mansurova, AZƏRTAC
Fevralın 19-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzİMU) Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə yazıçı-publisist Səriyyə Müslümqızının “Yazıçı” nəşriyyatında Azərbaycan və ingilis dilində nəşr olunmuş “Dünya susmasın gərək” kitabının təqdimatı olub.
AzİMU-nun rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova kitabın 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələrinin və onların havadarlarının Azərbaycan xalqına qarşı törətdikləri soyqırımına həsr edildiyini bildirib. Soyqırımını pisləyən natiq bu faciənin uzun müddət davam edən etnik təmizləmə siyasətinin daha bir dəhşətli nümunəsi olduğunu bildirib.
Yazıçı-publisist, universitetin müəllimi Salatın Əhmədli, bu ali təhsil ocağında təhsil alan türkiyəli tələbə Fərrux Denizoğlu və başqaları erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayətlərin beynəlxalq hüquq baxımından məhz soyqırımı olduğunu və bunun dünya ictimaiyyəti tərəfindən genosid kimi qəbul edilməsinin gərəkliyini bildiriblər.
Çıxış edənlər Xocalı faciəsi şahidlərinin söylədikləri dəhşətli həqiqətlərin əks olunduğu “Dünya susmasın gərək” kitabının iki dildə deyil, bütün dünya xalqlarının dillərinə tərcümə edilməsinin vacib olduğunu söyləyiblər.
Sonda kitabın müəllifi Səriyyə Müslümqızı tədbirin təşkilatçılarına və iştirakçılarına və kitabın işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib.