Dünya üçüncüsü olan güləşçi: Uğurumu atamın ruhuna həsr edirəm
Bakı, 31 oktyabr, AZƏRTAC
Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-23 dünya çempionatında komanda hesabında ikinci yeri tutan yunan-Roma güləşi üzrə Azərbaycan yığması vətənə qayıdıb.
AZƏRTAC xəbər verir ki, 1 gümüş və 3 bürünc medal qazanan komandanı Gənclər və İdman Nazirliyinin, Azərbaycan Güləş Federasiyasının rəsmiləri, məşqçilər, idmançılar və milli üzvlərinin yaxınları qarşılayıblar.
Mundialda gümüş medal əldə edən Xasay Həsənli yarışın onun üçün uğurlu keçdiyini bildirib: “Yaxşı hazırlaşmışdıq. Finala qədər inamlı qələbələr qazandım. Həlledici görüşdə də özümü yaxşı hiss edirdim. U-23 Avropa çempionatının finalında da Aleksandrin Qutuyla qarşılaşmışdım. Revanş almaq istəyirdim. Moldova idmançısı ilə bu dəfə daha yaxşı güləşdim. Belə deyim, rəqibə qələbəni hədiyyə etdim. Üçüncü parter zamanı rəqibi sinəmə qaldırdım, ancaq ata bilmədim. Bu da fiziki gücümün zəif olmasından irəli gəlir. Bu çatışmazlığı aradan qaldırıb daha böyük qələbələr qazanmağa çalışacağam. Üzərimdə əziyyəti olan həm şəxsi məşqçimə, həm də bütün yığma məşqçilərinə təşəkkürümü bildirirəm. Medalımı qardaşıma həsr edirəm”.
Dünya üçüncüsü olan Ruslan Nurullayevin isə yarışla bağlı təəssüratları belə olub: “Bu il mənim üçün uğurlu keçdi. Düzdür, zədələrə görə tam istədiyimi göstərə bilmədim. Ancaq ümumi götürəndə yaxşı nəticələr qazandım. İlk dəfə qatıldığım U-23 dünya çempionatında bürünc medala sahib çıxdım. Zədələri aradan qaldırıb və səhvlərim üzərində işləyib daha yüksək uğurlar qazanacağam. 1/4 finalda məğlubiyyətin bir neçə səbəbi var. Həm zədəyə görə tam gücümü ortaya qoya bilmədim, həm təcrübəsizlik sözünü dedi, həm də bir qədər arxayınlıq oldu. Çünki İrfan Mirzoyevə gənclərin Avropa çempionatında qalib gəlmişdim. Bu məğlubiyyətdən dərs çıxardım. Gələn il də 72 kiloqramda güləşməyi planlaşdırıram. Çəkim artsa, gələcəkdə 77 kiloqrama keçməyi düşünürəm. Bu uğurumu bu səviyyəyə gəlib çatmağımda əsas pay sahibi olan atamın ruhuna həsr edirəm”.
Xatırladaq ki, dünya çempionatında Xasay Həsənli (77 kiloqram) gümüş, Fərid Sadıxlı (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) isə bürünc medal qazanıb.