Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakı iclası uğurla başa çatmışdır
Bakı, 3 iyun (AZƏRTAC). Xəbər verdiyimiz kimi, iyunun 2-də Bakıda AZƏRTAC-ın təşkilatçılığı ilə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclası keçirilmişdir.
İclas 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinə hazırlıq məqsədilə təşkil edilmişdir.
Tədbirdə qlobal məkanda informasiya siyasətini müəyyənləşdirən xəbər agentlikləri alyanslarının, aparıcı informasiya qurumlarının rəhbərləri və nümayəndələri - Dünya Xəbər Agentlikləri Konqresinin sədri və Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti, Rusiyanın İTAR-TASS Agentliyinin baş direktoru Sergey Mixaylov, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriya Xəbər Agentliyinin baş icraçı direktoru Piter Kropş, Dünya Xəbər Agentlikləri Konqresinin baş katibi Uffe Riis Sorensen, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) baş katibi Erik Naylen, Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, Türkiyənin Anadolu Agentliyinin baş direktoru Kamal Öztürk, Latın Amerikası Ölkələri İnformasiya Agentlikləri Birliyinin (ULAN) sədri, Argentinanın TELAM Agentliyinin institusional əlaqələrin inkişafı üzrə meneceri Jan Manuel Fonruj, Koreya Respublikasının Yonhap Agentliyinin biznes və beynəlxalq məsələlər üzrə müdiri Oh Jae-seok və başqaları iştirak etmişlər.
İclasda növbəti Konqresin keçiriləcəyi vaxt, iştirakçıların tərkibinin, tematik çərçivələrin, məruzəçilərin və panel iclaslarının mövzularının müəyyənləşdirilməsi məsələləri müzakirə edilmişdir.
Dünya Xəbər Agentlikləri Konqresinin əsas məqsədi sürətlə inkişaf edən qlobal media bazarında üzv agentliklərin rolunu təkmilləşdirmək və möhkəmləndirmək, qərəzsiz xəbər çatdırılmasını təmin etmək, mətbuat azadlığı prinsipini dəstəkləmək, media biznesində qabaqcıl təcrübəni bölüşməkdir.