Düşənbədə ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mərasim keçirilmişdir
Düşənbə, 10 may (AZƏRTAC). Azərbaycanın Tacikistandakı səfirliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə mərasim keçirmişdir. Tədbirdə Tacikistanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan diasporunun üzvləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak etmişlər.
Ölkəmizin Tacikistandakı səfiri Məhərrəm Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək bildirmişdir ki, yalnız Heydər Əliyevin uzaqgörən siyasəti və müdrikliyi sayəsində respublikamızda mövcud problemlərin həlli istiqamətində mühüm işlər görülmüş, inkişaf perspektivləri müəyyən edilmiş, demokratik proseslərin dərinləşdirilməsi istiqamətində ciddi addımlar atılmışdır.
Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin başladığı siyasi və iqtisadi islahatlar kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, regionda lider dövlət statusunu qazanmışdır.
Diplomatik korpusun nümayəndələri və diasporumuzun üzvləri ulu öndər Heydər Əliyevi dünya şöhrətli siyasətçi və dövət xadimi kimi xarakterizə etmişlər.
Mərasimdə səfirlik tərəfindən rus və ingilis dillərində nəşr edilmiş “Xalqa həsr edilmiş ömür - əlçatmaz zirvə!” kitabının təqdimatı olmuş, kitab qonaqlara paylanılmışdır.
Sonra Heydər Əliyev Fondunun hazırladığı “Heydər Əliyev: Vətənin keşiyində” sənədli filmi nümayiş etdirilmişdir.
“Xalqa həsr edilmiş ömür - əlçatmaz zirvə!” kitabı Tacikistan Xarici İşlər Nazirliyi, səfirliklər və beynəlxalq təşkilatların nümayəndəlikləri, yerli mətbuat orqanları arasında da yayımlanmışdır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
######
