DYP yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib
Bakı, 28 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən oxşar qayda pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir.
İdarəndən AZƏRTAC-a bildiriblər ki, normadan artıq, eyni zamanda, düzgün qablaşdırılmamış yüklərin daşınması digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaratmaqla yanaşı, asfalt örtüklü yolların da istifadəyə yararlılıq müddətini azaldır, deformasiyaya uğramasına səbəb olur.
Bu və digər məqamları nəzərə almaqla, bir daha yük daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırırıq ki, təyinatından asılı olmayaraq, istənilən yük Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilmiş, kütlə hədlərindən artıq olmamalıdır. Eləcə də dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşdığından dağıla bilən yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməlidir. Əks təqdirdə, həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək.