İQTİSADİYYAT
EASST prezidenti: Azərbaycanla nəqliyyat təhlükəsizliyi sahəsində uğurlu əməkdaşlığımız var
Paris, 31 yanvar, AZƏRTAC
Təhlükəsiz və Davamlı Nəqliyyat üçün Şərq Alyansı (EASST) 2009-cu ildən Azərbaycanda və digər ölkələrdə təhlükəsiz, sosial inklüziv və dayanıqlı nəqliyyatı təşviq etmək üçün fəaliyyət göstərən Böyük Britaniya təşkilatıdır. İyirmi ildir ki, mütəmadi olaraq Azərbaycana səfər edirəm və hər dəfə bu ölkəyə gəlişimdə yol nəqliyyatında və təhlükəsizlik məlumatlılığında əhəmiyyətli irəliləyişlərin şahidi oluram.
Bu fikirləri EASST-in prezidenti və baş direktoru Emma Maklennan (Emma MacLennan) İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) mənzil qərargahında qurumun gender və nəqliyyat üzrə 9-cu İllik Məsləhətləşmə iclasından sonra AZƏRTAC-a müsahibəsində deyib. Bildirib ki, Azərbaycan Milli Avtomobil Klubu (AMAK) kimi yerli tərəfdaşları var və onlar yol nəqliyyatının təhlükəsizliyini artırmaq və təkmilləşdirmək üçün hökumət, yol polisi və yerli ictimaiyyətlə sıx əməkdaşlıq edirlər.
Dekabr ayında Bakıda keçirilən Beynəlxalq Avtomobil Federasiyası (FİA) Baş Assambleyası çərçivəsində hökumət və yerli hakimiyyət orqanlarının maraqlı tərəfləri ilə bu yaxınlarda keçirilmiş yüksək səviyyəli görüşdə təhlükəsiz yol mühəndisliyi və məktəblərin ətrafında təhlükəsiz sürətin vacibliyi vurğulanıb.
Avropa İttifaqı (Aİ) Şərq Tərəfdaşlığı Nəqliyyat Panelinin üzvü kimi Azərbaycanda yol təhlükəsizliyinin təkmilləşdirilməsi Avropa Komissiyası tərəfindən dəstəklənən yeni observatoriyanın mövzusu olacaq.
“Düşünürəm ki, Azərbaycan bu yeni observatoriya - müşahidə məntəqəsi ilə bağlı çoxsaylı təkliflərini irəli sürəcək və böyük töhfələr verəcək. Buraya təhlükəsiz məktəb yolları üçün pilot layihələr, əlçatan və inklüziv nəqliyyat üzrə tədqiqat işləri kimi yaxşı təcrübə nümunələrinin paylaşılması daxildir. Bu yeni observatoriya - müşahidə məntəqəsinin inkişafı ilə bağlı məlumatları da gələcəkdə bölüşəcəyik”, - deyə E. MakLennan bildirib.
Qeyd edək ki, EASST-nin prezidenti E. MakLennan dünən Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) mənzil qərargahında qurumun gender və nəqliyyat üzrə 9-cu İllik Məsləhətləşmə iclasında Asiya və Avropa arasında əsas körpü olan Azərbaycanın nəqliyyat sahəsində gördüyü işlərdən, böyük imkanlarından söz açaraq yüksək qiymətləndirib.