Ədəbiyyat İnstitutunun əməkdaşı beynəlxalq tədbirdə türk-Çin mədəni əlaqələrindən bəhs edib
Bakı, 19 may, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Türk Dünyası Yörük Türkmən Birliyinin və Marmara Universitetinin təşkilatçılığı ilə İstanbul şəhərində keçirilən “Türk dostluğuna əsaslanan əməkdaşlıq: Beynəlxalq münasibətlər: Tarixdən gələcəyə perspektivlər” adlı III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konfransında iştirak edib.
Ədəbiyyat İnstitutundan AZƏRTAC-a bildirilib ki, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin əməkdaşı filologiya üzrə fəlsəfə doktoru Nərgiz Kərimova beynəlxalq konfransda “Mədəniyyətlərarası dialoq perspektivində Türk- Çin dostluğu: Çin ədəbiyyatında türk imgəsi və mədəni əlaqələr” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə ortaq ədəbi-mədəni dəyərlər, türk və Çin xalqları arasında əlaqələr və qarşılıqlı mədəni təsirlərdən bəhs olunub.
Konfrans çərçivəsində müxtəlif elm və təhsil müəssisələrin nümayəndələri arasında fikir mübadiləsi aparılıb, elmi əməkdaşlıq perspektivləri müzakirə olunub.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.