RƏSMİ XRONİKA
“EDİSSON” ŞİRKƏTİNİN BAŞ İCRAÇI DİREKTORU İLƏ GÖRÜŞ
Davos, 27 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Edisson” şirkətinin baş icraçı direktoru Umberto Kuadrino ilə görüşmüşdür.
Görüşdə Azərbaycan ilə İtaliya arasında bütün sahələrdə, xüsusən də enerji sahəsində yaxşı əməkdaşlığın olduğu vurğulandı.
Umberto Kuadrino “Edisson” şirkətinin bu əməkdaşlıq çərçivəsində yeni bir layihənin – İtaliya hökumətinin də dəstəklədiyi Türkiyə-Yunanıstan-İtaliya qaz boru kəmərinin həyata keçirilməsində maraq göstərdiyini bildirdi və bunun üçün yaxşı perspektivlərin olduğunu dedi.
Azərbaycan tərəfinin həmin layihəni dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev bildirdi ki, bu, enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından mühüm layihədir.
######