İQTİSADİYYAT
ƏHALİNİN MƏŞĞULLUĞU VƏ YOXSULLUĞUN AZALDILMASI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
“Azərbaycanda məşğulluq və yoxsulluq problemlərinin tezliklə həlli üçün hər cür şərait var”. Bu fikir BMT İnkişaf Proqramının (BMTİP) Azərbaycan hökuməti ilə birlikdə aprelin 16-da “Avropa” mehmanxanasında təşkil etdiyi konfransda beynəlxalq təşkilatların nümayəndələrinin və diplomatik missiyaların başçılarının çıxışlarında səslənmişdir.
BMT-nin respublikamızdakı rezident-əlaqələndiricisi Marko Borsotti konfransı açaraq, dünyanın müxtəlif ölkələrində işsizlik problemindən ətraflı danışdı, Azərbaycanda həyata keçirilən “Yoxsulluğun azaldılması naminə tərəfdaşlıq” layihəsinin xüsusiyyətləri barədə məlumat verdi. Natiq yüksək texnologiyaları öyrənmək üçün Azərbaycan mütəxəssislərini dünyanın inkişaf etmiş ölkələrinə göndərmək təklifini irəli sürərək bildirdi ki, bu, nəticədə respublikada qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərəcəkdir. Marko Borsotti dedi ki, biz yoxsulluğun azaldılması sahəsində dövlət proqramının həyata keçirilməsində Azərbaycan hökumətinə kömək etməyə hazırıq.
Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov çıxışında vurğuladı ki, məşğulluq, yoxsulluğun azaldılması problemləri Azərbaycan Prezidenti Heydər Əliyevin daim diqqət mərkəzindədir. O, yoxsulluğun səviyyəsinə dair faktlar gətirərək dedi ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı nəticəsində ölkəmiz təxminən 300 min iş yerini itirmiş və son 10 ildə bunun yalnız üçdə bir hissəsini bərpa etmək mümkün olmuşdur. Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanlarının icrası ilə bağlı görülən tədbirlər nəticəsində qaçqınların və məcburi köçkünlərin mənzil problemlərinin həlli ilə yanaşı, əhalinin bu kateqoriyasının müəyyən hissəsini işlə təmin etmək mümkün olmuşdur.
İqtisadi inkişaf naziri Fərhad Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev, Dünya Bankının nümayəndəsi Maykl Millz, ABƏŞ-in prezidenti Deyvid Vudvord çıxışlarında iş yerləri yaradılması, habelə kiçik sahibkarlığı dəstəkləmək yolu ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələləri üzərində ətraflı dayandılar.
İqtisadi inkişaf, əmək və əhalinin sosial müdafiəsi nazirləri səfirlərdən Endryu Takerin (Böyük Britaniya), Şantal Puarenin (Fransa) və Klaus Qrevlixin (Almaniya) yeni iş yerləri yaradılması üçün hökumətin gördüyü tədbirlər barədə suallarına da cavab verdilər.
Sonra konfrans iştirakçıları işi bölmələrdə davam etdirdilər. Bölmə iclaslarını Dünya Bankının nümayəndəsi Maykl Millz, BMTİP-in mütəxəssisi Maykl Hopkins, Bi-Pi şirkətinin eksperti Rocer Nunn aparırdılar.