Əhalinin sağlamlığı dövlət siyasətinin əsasını təşkil edir
Bakı, 12 iyun, AZƏRTAC
Dünyamızı hazırlıqsız yaxalayan koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan vəziyyəti tam nəzarətdə saxlaya bildi. Prezident İlham Əliyevin COVID -19 pandemiyasına qarşı müəyyənləşdirdiyi mübarizə strategiyası sayəsində ölkəmiz bu bəşəri bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısında yer aldı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev söyləyib.
Deputat qeyd edib ki, “Yeni klinika” tibb müəssisəsinin, ən qabaqcıl xəstəxanaların koronavirus xəstələrini müalicə etmək üçün ayrılması, qısa müddət ərzində modul tipli 4 xəstəxananın istifadəyə verilməsi, ayın sonunadək bu sayın 10-a çatdırılmasının nəzərdə tutulması, yeni laboratoriyaların alınması, tibbi maskalar, dezinfeksiya məhsulları istehsal edən sənaye müəssisələrinin fəaliyyətə başlaması... Sadalamaqla qurtarmayan bu qəbildən olan işlərin görülməsi bir daha nümayiş etdirdi ki, vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi dövlətimizin başçısı üçün prioritet təşkil edir.
Dövlətimizin başçısı atdığı hər addımda, verdiyi hər qərarda, imzaladığı hər sərəncamda hər bir azərbaycanlının Prezidenti olduğunu təsdiq edib. Azərbaycan vətəndaşı çətinə, dara düşəndə ilk olaraq yanında Prezidentinin dayandığını gördü. Dövlətimizin başçısı qərbdən şərqə, şimaldan cənuba doğma diyarı qarış-qarış gəzərək, vətəndaşların güzəranı ilə maraqlanıb, problemlərinin həlli ilə bağlı göstəriş və tövsiyələrini verib.
Məhz bunun üçün Azərbaycan vətəndaşının sözdə, fikirdə, əməldə xalqı ilə birlikdə olan liderinə - Prezident İlham Əliyevə olan inamı, güvəni gündən-günə artır. Azərbaycan vətəndaşı koronavirus infeksiyasının bəşəriyyəti sınağa çəkdiyi bu ağır günlərdə də dövlətimizin başçısının onların sağlamlıqları, təhlükəsizlikləri üçün atdığı zəruri addımları alqışla qarşılayır.
İyunun 9-da Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə paytaxtın Bilgəh qəsəbəsində, həmçinin Sumqayıt şəhərində və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan modul tipli 3 xəstəxananın açılışı da bu sahədə görülən işlərin daha bir bariz nümunəsidir. Modul tipli xəstəxananın açılışında "Mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olub. Koronavirus pandemiyası başlayandan bu günə qədər Azərbaycan dövləti çox böyük məsuliyyət göstərib, ilk növbədə, ölkə daxilində. Çünki iki seçim var idi - ya iqtisadiyyatı xilas etmək, ya da insanların sağlamlığını. Şəxsən mənim üçün birmənalı qaydada tərəddüdsüz insanların sağlamlığı həmişə birinci yerdə olubdur, o cümlədən pandemiya dövründə. Ona görə biz şüurlu şəkildə, bunun iqtisadi fəallığımıza mənfi təsir göstərəcəyini bilərək məhdudlaşdırıcı addımlara getdik”, - deyən Prezident İlham Əliyev bir daha sübut etdi ki, Azərbaycanda vətəndaş amili hər zaman ön planda dayanır.
Bu çətin şəraitdə öz maddi və mənəvi resurslarına söykənən Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan bütün xəstələr tibbi müəssisələrdə müalicə alır. Modul tipli xəstəxanaların yaradılmasında əsas məqsədlərdən biri də koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni, vətəndaşların sağlamlığını və təhlükəsizliyini təmin etməkdir.