EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRİ HÜSEYNQULU BAĞIROVUN ÇIXIŞI
Xanımlar və cənablar!
Hörmətli tədbir iştirakçıları!
Bu gün ölkəmizin təbiətsevərlərinin həyatında çox əlamətdar və böyük bir hadisə baş verir. Bir müddət bundan öncə ölkəmizin Prezidenti cənab Heydər Əliyev ətraf mühitlə əlaqədar bir neçə önəmli qərarlar qəbul etmişdir. Onların sırasında Ordubad Milli Parkının, Şirvan Milli Parkının və Ağgöl Milli Parkının yaradılması haqqında sərəncamlar da vardır. Həmin sərəncamların həyata keçirilməsi ilə bağlı cənab Prezidentin, hörmətli Baş nazirimizin dəyərli məsləhətləri əsasında indi açılışına toplaşdığımız bu parkda müəyyən işlərin görülməsinə başlanmışdır. Bu işlər tədbirdə iştirak edən təbiətsevərlərin, ekologiya işçilərinin, vətəndaşlarımızın bilavasitə iştirakı ilə həyata keçirilmişdir. Bu gün həmin işlərin birinci mərhələsi başa çatır. Ən əhəmiyyətlisi odur ki, ilk dəfə olaraq təbiətin mühafizəsi, biomüxtəlifliyin təmin edilməsi ilə bağlı belə bir Milli Parkın açılışını bizim hörmətli Baş nazirimiz həyata keçirir. Buna görə biz Prezidentimizə, Baş nazirə öz minnətdarlığımızı bildiririk.
Yeri gəlmişkən, deməliyəm ki, bu ərazidə ilk qoruq yaradılması 1969-cu ildən sonra - cənab Prezidentimiz respublikaya rəhbərlik etdiyi dövrdə həyata keçirilmişdir. O vaxt qoruq kiçik bir ərazini - 17 min hektarı əhatə edirdi. 1982-ci ildə yenə də onun göstərişi ilə bu ərazi 25 min hektara çatdırılmışdır. Təsəvvür edin ki, respublikamızın başçısı Moskvaya daha yüksək vəzifəyə getdi, sonradan yenidən ölkə rəhbərliyinə qayıtdı və həmin ərazidə daha müasir, günün tələblərinə cavab verən və Qafqazda ərazisinə görə ikinci olan Şirvan Milli Parkı yaradıldı. Bu, doğrudan da əlamətdar hadisədir.
Deməliyəm ki, cənab Baş nazirin məsləhətlərini, dəyərli tövsiyələrini biz öz işimizdə rəhbər tutmuşuq. Onun göstərişləri və məsləhətləri ilk gündən imkan vermişdir ki, biz nəinki bu Milli Parkın yaradılması sahəsində, həm də ətraf mühitin sağlamlaşdırılması ilə bağlı tədbirləri də həyata keçirək. Məhz hörmətli Baş nazirimizin diqqəti sayəsində biz Abşeron yarımadasında torpaqların çirklənməsinin qarşısının alınması ilə bağlı proqram hazırlayıb həyata keçirilməsinə başlamışıq.
Mən burada hörmətli Baş nazirə məruzə edirəm: nəzərdə tutulur ki, Dünya Bankının vəsaiti və bir sıra ölkələrin qrantları hesabına gələn ildən böyük tədbirlər silsilə başlanılsın və Abşeron yarımadasında çirklənmiş torpaqlar qısa bir müddətdə təmizlənib insanların istifadəsinə verilsin.
Bugünkü tədbirlə əlaqədar deyə bilərəm ki, bu, həqiqətən bənzəri olmayan və bizim işlərimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərən bir hadisədir. Əlbəttə, hər bir ölkə iqtisadiyyatının inkişaf etməsini və yeni müəssisələr, iş yerləri açılmasını istəyir. Bu baxımdan cənab Baş nazirin bu gün açılışını həyata keçirdiyi müəssisə də seçilir. Belə ki, burada 100-dən çox insan işlə təmin olunacaqdır. Bu hadisənin daha bir yeniliyi ondan ibarətdir ki, ətraf mühitlə və təbiətin mühafizəsi ilə bağlı böyük işlər həyata keçirilir. Yəni, burada təkcə iqtisadi inkişafdan söhbət getmir, dünyada qəbul edilmiş normalara uyğun olaraq, ölkəmiz keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Buna görə biz ölkəmizin rəhbərlərini alqışlayırıq.
Hörmətli Baş nazir, söz veririk ki, bu gün təntənəli surətdə açdığınız Milli Parkın, həmçinin digər milli park və qoruqların fəaliyyəti Sizin qoyduğunuz tələblər səviyyəsində təmin olunacaqdır. Sizə minnətdarlığımızı bildiririk ki, öz səfərinizi bu Milli Parkı ziyarət etməklə başladınız. Çox sağ olun.