EKOLOGİYA VƏ TƏBİİ SƏRVƏTLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Almaniya, Avstriya, İngiltərə və Gürcüstandan olan hökumət nümayəndələrinin, alimlərin iştirakı ilə mayın 2-3-də Gülüstan sarayında “Azərbaycanın milli mədəni və təbii irsinin qorunub saxlanılması - milli parklar proqramı” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.
Almaniyada fəaliyyət göstərən M.Zukkov adına Beynəlxalq Təbiəti Mühafizə Fondu konfransın təşkilində xüsusilə fəallıq göstərmişdir. Fondun yaradıcısı alternativ Nobel mükafatı laureatı professor, doktor Mixael Zukkovdur. Bu fondun əsas məqsədi Avropa və Asiya dövlətlərindəki xüsusi mühafizə olunan təbii ərazilərin (qoruqlar, milli parklar, yasaqlıqlar və təbiət abidələri) formalaşmasında iştirak etmək, onların fəaliyyəti barədə geniş məlumat toplayıb yaymaq, bu istiqamətdə müxtəlif layihələrin hazırlanması və həyata keçirilməsinə yardım göstərməkdən ibarətdir.
Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizin zəngin biomüxtəlifliyini qorumaq, mühafizə olunan təbii əraziləri müasir tələblərə uyğunlaşdırmaq istiqamətində fəaliyyət göstərir. Ölkəmizin qoruq və yasaqlıqları əsasında milli parkların yaradılması, onların ərazilərinin genişləndirilməsi üçün xüsusi proqram üzərində iş gedir. Hazırda Azərbaycan Respublikasında 14 dövlət qoruğu (ümumi sahəsi 191,2 min hektar), 20 dövlət yasaqlığı və 2 mindən artıq təbiət abidəsi mövcuddur. Onların bəzilərində konkret və bərpa işlərinə başlanmışdır.
Azərbaycanın mədəni və təbii irsini geniş dünya ictimaiyyətinə tanıtmaq məqsədi ilə alman naturalistləri tərəfindən çəkilmiş 83 dəqiqəlik “Azərbaycan - Odlar diyarının təbiəti” filmi bu konfrans zamanı ilk dəfə nümayiş etdiriləcəkdir.
Azərbaycanın təbiətinə xas olan biomüxtəlifliyin son dərəcə zənginliyi və onun qorunmasının əhəmiyyəti konfransın işinə böyük maraq doğurmuşdur.
Konfransda xarici dövlətlərin təmsilçiləri və alimləri ilə bərabər, Milli Məclisin, ekologiya və təbii sərvətlər, mədəniyyət, gənclər, idman və turizm nazirliklərinin, Milli Elmlər Akademiyası institutlarının, YUNESKO-nun “İnsan və biosfer” Proqramının Azərbaycan Komitəsinin, digər təşkilat və cəmiyyətlərin nümayəndələrinin və ekspertlərin çıxışları nəzərdə tutulur.
Xarici qonaqlar respublikanın qorunan təbiət abidələri ilə yerində tanış olmaq məqsədi ilə şimal-qərb bölgəsinə səfərə çıxmışlar.