CƏMİYYƏT
Ekoloji qanun pozuntularına görə 38 min 476 manat cərimə tətbiq edilib
Bakı, 11 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən aprelin 6-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntuları aşkarlanıb. Ekoloji pozuntulara görə 130 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 32 müddətli “məcburi göstəriş” verilib.
Ümumilikdə 36 iş üzrə 38476 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 9 iş üzrə 49597 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 240 iş üzrə 64276.38 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 13, icra qurumlarına 25, məhkəmələrə isə 5 iş göndərilib.