“EKOVİTRİN” MEDİA QRUPUNUN RƏHBƏRİ KAMURAN ABACIOĞLUNUN ÇIXIŞI
Hörmətli Baş nazir müavinləri, hörmətli İslam Konfransı Təşkilatının
baş katibi,
Dəyərli qonaqlar və hörmətli mətbuat nümayəndələri!
Mən qısa çıxış edəcəyəm. Bir ingilis yazıçısı demişdir ki, xoşbəxt olmağın ən yaxşı yolu bir insanı xoşbəxt etməkdir. Mən inanıram ki, hazırda bu salonda olanların hamısı çox xoşbəxtdirlər. Xoşbəxtliyi birlikdə bölüşdüyümüz üçün qürur hissi keçiririk. 14 ildir ki, müstəqil qəzetçilik anlayışı ilə öncə Anadolu aslanlarını, daha sonra avropalı türkləri, sonra Orta Asiyada uğur qazanan türkləri, Amerikadakı, Uzaq Şərqdəki türkləri, dünyanın harasında türk varsa, onların uğurlarını Türkiyədəki, demək olar ki, bütün televiziyaların ekranlarından türk və dünya insanlarına çatdırmağa çalışdıq. Öz yolumuzdan heç vaxt sapmadan, müsbət düşüncələri əsas götürərək, tənqidləri ancaq konstruktiv şəkildə səsləndirmək şərti ilə proqramlarımızı və “Ekovitrin” jurnalımızın fəaliyyətini davam etdiririk. Bu il “Ekovitrin”in ilin ulduzları mükafatı 5–ci dəfə təqdim edilir. Qarşıdakı illərdə mühüm bir hədəfimiz var. Bu mərasimi beynəlxalq qlobal problemlərin müzakirə ediləcəyi, Türkiyənin gələcəyinə nəzər salan bir foruma çevirməyi ürəkdən arzulayırıq və bunu həyata keçirəcəyimizə inanırıq. Mən bu hisslərlə hamınıza “Xoş gəldiniz!” deyir, hörmət və ehtiramlarımı çatdırıram.
X X X
Sonra “Ekovitrin” jurnalının baş redaktoru Şərəf Özataya söz verildi.