SİYASƏT
Ekspert: ABŞ Qarabağdakı hərbi xuntanı leqallaşdırmağa cəhd edir
Bakı, 18 sentyabr, AZƏRTAC
Son günlər ABŞ tərəfindən nümayiş olunan siyasət heç də qeyri-adiliyi ilə fərqlənmədi, əksinə, bir qrup separatçını razı salmağı bacarmayan və ya istəməyən ABŞ bu gün öz cəsarətsizliyinə və riyakarlığına görə günahı Azərbaycanın üzərinə atmağa cəhd göstərir. Eyni zamanda, ABŞ Konqresinin və Dövlət Departamentinin anti-Azərbaycan kampaniyasını izləyərkən, Birləşmiş Ştatlardakı erməni lobbisinin nə qədər güclü olmasına rəğmən, onların ABŞ hökumətindən yox, əksinə, ABŞ dövlətinin özünün erməni lobbisindən Azərbaycana qarşı həyata keçirdiyi siyasətdə istifadə etdiyi görünür.
Bu barədə AZƏRTAC-a açıqlamasında siyasi ekspert Vüsalə Hüseynli deyib.
O, təəssüflə qeyd edib ki, son proseslərdən göründüyü kimi, Azərbaycan bölgədə sülhə nail olunmasına cəhd etsə də, ATƏT-in Minsk qrupunda 30 ilə yaxın üzvlük etmiş ABŞ və Fransa var gücləri ilə bölgədə rollarını itirməmək naminə, bir qrup separatçını dünyaya erməni xalqı kimi sırımağa cəhd edirlər. Bir neçə gün öncə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifələrini icra edən Yuri Kimin “Dağlıq Qarabağ xalqının hüquqları” terminindən istifadəsi, bir daha ona işarə edir ki, rəsmi Vaşinqtonun Qarabağda baş verənlərə münasibəti necədir. ABŞ rəsmisinin çıxışı Vaşinqtonun Qarabağ bölgəsində mövcud olmayan xalqların hüquqlarının müdafiəsi adı altında hərbi xuntanı leqallaşdırmaq üçün müxtəlif rollarda olduğunu təsdiqləmiş oldu.
V.Hüseynlinin sözlərinə görə, rəsmi Vaşinqton bu gün Fransa ilə birlikdə Qarabağ ermənilərinin reinteqrasiya prosesinə imkan verməyən və Ermənistandakı revanşist qüvvələri stimullaşdıran tərəf qismində çıxış edir. Bu isə təbii ki, sülhə gedən yolda ciddi maneədir.
“Maraqlıdır ki, 30 il müddətində bir milyona yaxın qaçqın və məcburi köçkünün vəziyyəti ilə maraqlanmayan ABŞ niyə bu gün bir qrup separatçının arxasında müdafiəçi qismində dayanmağa çalışır? Dünyaya “demokratiya” dərsi keçən qlobal güc nə üçünsə Qarabağ məsələsində bu ədaləti unutmağa üstünlük verir. Çünki Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması bir sıra güclərin ayaqlarının Cənubi Qafqazdan kəsilməsi deməkdir ki, bu da həmin ölkələrin bölgədəki siyasətdə olmayan yerlərinin rəsmi itirilməsi ilə nəticələnməsidir. Hansı ki, bu gün nə rəsmi Vaşinqton nə də rəsmi Paris bunu qəbul etmək istəmirlər”, - deyə siyasi ekspert vurğulayıb.