Ekspert: ARDNF-in büdcə gəlirlərində idarəetmə gəlirlərinin payı artır
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirlərində idarəetmə gəlirlərinin payının artması müşahidə olunur.
Bunu AZƏRTAC-a açıqlamasında maliyyəçi-ekspert Namiq Hüseynov bildirib.
Onun sözlərinə görə, 2026-cı ilin birinci yarısında ARDNF-in büdcə gəlirləri təxminən 8,5 milyard manat təşkil edib ki, bunun da təxminən 3,6 milyard manatı vəsaitlərin idarə edilməsi hesabına formalaşıb.
“Halbuki 2025-ci ilin I yarısında 8,8 milyard manatlıq büdcə gəlirlərinin 3,1 milyard manatı idarəetmədən əldə olunmuşdu. Son 1 ildə fondun idarəetmə gəlirləri təxminən 15 faiz artıb, həmin gəlirlərin büdcə gəlirlərindəki payı isə 35 faizdən 42 faizə yüksəlib”, - deyə o qeyd edib.
N.Hüseynov bildirib ki, ARDNF-in büdcə gəlirlərinin strukturundakı müsbət dəyişiklik həm də hesabat dövründə fondun neft-qaz gəlirlərinin azalması ilə bağlıdır: “Bu ilin yanvar-iyun aylarında qurum neft-qaz sazişlərinin həyata keçirilməsi hesabına illik müqayisədə təxminən 14 faiz az – 4,95 milyard manat gəlir əldə edib. Ötən ilin eyni dövründə bu rəqəm 5,75 milyard manat təşkil edib”.