Ekspert: Ermənistan təxribatlarına Azərbaycanın cavabı sərt və amansız olacaq - AÇIQLAMA
Bakı, 7 sentyabr, AZƏRTAC
Ermənistanın separatçı addımları, təmas xəttində törətdiyi ardıcıl təxribatlar, terror cəhdləri onların məkrli niyyətindən xəbər verir. Bütün bu faktlar onu göstərir ki, rəsmi İrəvan postmüharibə dönəmində formalaşan yeni status-kvo ilə razılaşmaq istəmir, onu dəyişməyə can atır.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. O qeyd edib ki, məhz bu səbəbdən Ermənistan hakimiyyəti erməni lobbisi və xaricdəki havadarlarının köməyi ilə bölgədə yeni gərginlik yaratmağa çalışır. Ekspert sərhəddə baş verən gərginliyin yaranmasında Ermənistandakı revanşist qüvvələrin, xüsusilə də Robert Köçaryan və Serj Sarkisyan cütlüyünün rolunun böyük olduğunu bildirib: “Vaxtilə Ermənistan rəhbərliyində təmsil olunan həmin şəxslər mövcud gərginliklər fonunda öz siyasi ambisiyalarını təmin etməyə çalışır, bunun üçün geniş kütlələri Nikol Paşinyan rejiminin üzərinə qaldırmağa cəhd edirlər. Onlar erməni toplumunu inandırmağa çalışır ki, guya Nikol Paşinyan təslimçi sülhə hazırlaşır və onun yürütdüyü siyasət Ermənistanın maraqlarına uyğun deyil. Halbuki Ermənistan üçün əsl fəlakət Robert Köçaryan və Serj Sarkisyanın Azərbaycanla qarşıdurma istəyidir.
Bu gün bütün dünya Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını bilir. Hətta ermənipərəst dövlətlər də həqiqəti etiraf etməsələr belə, prosesdə Azərbaycanın haqq işi uğrunda mübarizə apardığından xəbərdardırlar. Azərbaycan mediası və diplomatiyası dayanmadan bu həqiqətlər haqqında dünya ictimaiyyətini məlumatlandırır. Təbii ki, ölkəmizin separatizmə, erməni yalanlarına qarşı apardığı mübarizənin başında Müzəffər Ali Baş Komandan İlham Əliyev dayanır. Dövlət başçısı hələ 44 günlük Vətən müharibəsinin gedişində beynəlxalq KİV-lərə verdiyi müsahibələrdə erməni yalanlarını ifşa etmiş, İrəvanın dezinformasiyalarına qarşı inkaredilməz faktlar, təkzibedilməz sübutlar ortaya qoymuşdur. İlham Əliyev dəmir məntiq və ciddi arqumentlərlə sübut etmişdir ki, Azərbaycan haqq işi uğrunda mübarizə aparır və bu mübarizədən dövlətimizi heç bir qüvvə çəkindirə bilməz. Sözügedən həqiqət bugünkü gün də əsas faktordur. Ermənistandakı revanşist qüvvələr anlamalıdır ki, əgər təxribatlara davam edərlərsə, o zaman Azərbaycanın cavabı sərt və amansız olacaq. Belə bir cavab üçün Azərbaycanın hər cür imkanı var və zərurət yaranacağı təqdirdə ölkəmiz bu imkandan istifadə edəcək”.