DÜNYA
EKSPORT NƏZARƏTİ MÖVZUSUNDA FORUM
Daşkənddə eksport nəzarəti və kütləvi qırğın silahlarının yayılmaması üzrə Mərkəzi Asiya və Qafqaz dövlətlərinin VI Beynəlxalq forumu öz işini başa çatdırmışdır.
Forum Özbəkistan Respublikası prezidenti yanında Strateji və Regionlararası Tədqiqatlar İnstitutu və ABŞ Dövlət Departamenti tərəfindən təşkil olunmuşdur. Tədbirdə Mərkəzi Asiya və Qafqaz dövlətləri, Avropa ölkələri və ABŞ-ın nümayəndələri iştirak etmişdir. Forumda həmçinin eksport nəzarəti, kütləvi qırğın silahlarının yayılması ilə mübarizə, dövlət sərhədlərinin qorunması, gömrük, lisenziya və hüquq normaları ilə məşğul olan dövlət və qeyri-dövlət təşkilatlarının başçıları da təmsil olunmuşlar.
Azərbaycanı bu forumda Sərhəd qoşunları sərhəd nəzarəti xidmətinin rəisi Akif Şəfiyev, Dövlət Gömrük Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Dilavər Fərzəliyev, Respublika Nazirlər Kabineti xarici iqtisadi əlaqələr şöbəsinin böyük referenti Əli İsa Məmmədov və Xarici İşlər Nazirliyinin şöbə müdiri Gəray Muradov təmsil etmişlər.
Tədbir iştirakçıları beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılması ilə birgə mübarizə, dövlət sərhədlərinin qorunması, gömrük nəzarəti, lisenziyalaşdırma və bir sıra digər məsələlər barədə müzakirələr aparmışlar.
Akif Şəfiyev Forumda məruzə ilə çıxış etmişdir. O demişdir: -Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Respublikamızda bir milyon qaçqın var. Onların əksəriyyəti çadırlarda yaşayır. Azərbaycan terrordan əziyyət çəkən ölkələr sırasındadır. Son on ildə Azərbaycanda çoxsaylı terror hadisələri törədilib, min nəfərdən çox adam həlak olub. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan öz sərhədlərinin 132 kilometrinə nəzarət edə bilmir.
Azərbaycan nümayəndələri bölmələr üzrə keçirilən iclaslarda kütləvi qırğın silahlarının yayılması və beynəlxalq terrorizmə qarşı mübarizədə gömrük orqanlarının rolu, terrorizmin eksport nəzarətinə vurduğu ziyan, lisenziyalaşdırma və eksport nəzarəti mövzularında çıxış etmişlər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd