REGİONLAR
Əlahiddə Ümumqoşun Orduya 500-ə yaxın kitab təhvil verilib
![Əlahiddə Ümumqoşun Orduya 500-ə yaxın kitab təhvil verilib](/files/2022/2/1200x630/16595318884769954122_1200x630.jpg)
Naxçıvan, 3 avqust, AZƏRTAC
Naxçıvanda “Əsgərin kitab rəfi” adlı kitab toplama aksiyası başa çatıb. Muxtar respublikanın şəhər və rayonlarından bir çox gəncin qoşulduğu aksiya müddətində 500-ə yaxın elmi, publisistik, bədii və digər janrlarda kitablar toplanaraq Əlahiddə Ümumqoşun Orduya təhvil verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək aksiyanın keçirilməsində məqsədin gənc əsgərlərin asudə vaxtının səmərəli təşkil olunması, onlarda mütaliəyə marağın artırılmasıdır. Aksiya həm də xalqımızın istər müharibə, istərsə də sülh şəraitində daim ordumuzla birlikdə olduğunu bir daha sübut edir.
Əlahiddə Ümumqoşun Ordunun zabiti Göyüş Babayev əsgər və zabit heyəti adından minnətdarlıq edərək kitabları təhvil alıb.
Qeyd edək ki, muxtar respublikanı əhatə edən layihənin məqsədi bu il mayın 7-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən start verilən kitab toplama aksiyasına Naxçıvan gənclərini də cəlb etmək idi.