Eldəniz Əmirov: Azərbaycanın enerji strategiyası ölkə və region üçün müsbət təsir göstərir
Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan böyük neft strategiyasını işə saldıqdan sonra 30 ildən bir qədər artıq müddətdir ki, bu strategiyanın detalları həm region, həm də ölkə üçün öz müsbət təsirini göstərməkdədir. “Bakı Enerji Həftəsi”ndə də səsləndirilən fikirlər bunu bir daha birmənalı şəkildə təsdiq edir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, Azərbaycanın neft, qaz və alternativ enerji strategiyası böyük ölçüdə bu üç istiqamətin inteqrə olunmuş forması kimi, eyni zamanda, region və Avropa, Asiya iqtisadiyyatları üçün enerji inteqrasiyası şəklində təzahür etməkdədir: “Belə ki, 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanmış “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bunun bariz nümunəsidir və qarşıdakı perspektivdə də hədəflərin əsas başlanğıc nöqtəsi olaraq yaşıl enerji siyasətində bunu qeyd edə bilərik”.
“Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər birmənalı olaraq həm statistik, həm də perspektiv və hədəflər baxımından böyük çağırışların göstəricisidir. Bu gün Azərbaycanda neft hasilatı həcmlərində olan azalma dinamikası qaz hasilat həcmlərinin artması zərurətini ortaya çıxarır. Məsələn, “Azəri-Çıraq-Günəşli” yatağında qaz hasilatını buna misal olaraq qeyd edə bilərik. Eyni zamanda, Azərbaycanın enerji sektorunda bir hissənin ənənəvi, digər hissənin isə alternativ enerji sektoru, yəni qeyri-neft sektorunun aparıcı prioritet istiqamətlərindən biri kimi formalaşması ölkəmiz üçün böyük imkanlar yaradacaq”,- deyə o diqqətə çatdırıb.
E.Əmirovun sözlərinə görə, Asiya, ərəb, Mərkəzi Asiya, Avropa və Şərqi Avropa ölkələri ilə əməkdaşlıq ölkəmizin enerji və ixracın diversifikasiyasında böyük ölçüdə öz faydasını verib: “Nəzərə alaq ki, ölkələrin enerji inteqrasiyası üçün üç əsas şərt var: birincisi siyasi kontekst, ikincisi maliyyə modeli, üçüncüsü isə texniki imkanlardır. Dördüncü və digər şərtləri üstələyən isə etimad mühitidir. Etimad mühitinin və risklərin idarə edilməsinin peşəkar səviyyədə olmadığı hallarda digər şərtlər özünü tam doğrulda bilmir və davamlı olmur”.