Tələbələr psixoaktiv maddələrin xüsusiyyətləri və insan sağlamlığına vurduğu zərər barədə məlumatlandırılıblar
Bakı, 3 iyun, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.7-ci yarımbəndinə və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq ali, orta ixtisas və peşə təhsili müəssisələrində tələbələr arasında antinarkotik təbliğatı işinin əhatəsinin genişləndirilməsi məqsədilə Gəncə Dövlət Universitetində maarifləndirici tədbir təşkil edilib.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirdə Gənclər Fondunun, Azərbaycan Milli Antidopinq Agentliyinin, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, Gəncə şəhər narkoloji dispanserin həkim-narkoloqu, habelə müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir çərçivəsində gənclərin asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə psixoaktiv maddələrin xüsusiyyətləri və insan sağlamlığına vurduğu zərər, narkotikdən istifadənin risk amilləri, normativ-hüquqi aktların müddəalarının və tələblərinin izah edilməsi, rəqəmsal mühitdə narkotik riskləri, internet və sosial şəbəkələr vasitəsilə aparılan gizli manipulyasiyalar, asılılığın formalaşma mərhələləri və narkomanlığa qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. İştirakçıların sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Sonda İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə təqdim olunub. Tələbələrə isə “Rəqəmsal mühitdə gizli narkotik risklər”, “Psixotrop maddələr haqqında həqiqət”, “Narkotik vasitələrdən istifadə nəticəsində insan orqanizmində baş verən fəsadlar”, “Məlumatlı ol, cinayət törətmə” və “Narkotiklər haqqında həqiqəti bilin” adlı maarifləndirici materiallar paylanılıb.