Folklor İnstitutunda elmi seminar: ustad-şəyird ənənəsi və dastan qəhrəmanları
Bakı, 3 iyun, AZƏRTAC
AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində keçirilən elmi seminarda dosent İlhamə Qəsəbova “Azərbaycan aşıq yaradıcılığında ustad-şəyird ənənəsi və əcdad kultu”, dosent Günel Cənnətova isə “Min üzlü qəhrəman: Türk qəhrəmanlıq dastanları kontekstində” mövzusunda məruzə ilə çıxış edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, İlhamə Qəsəbova məruzəsində aşıq yaradıcılığında ustad-şəyird ənənəsi ilə əcdad kultu arasındakı əlaqədən danışıb. Qeyd olunub ki, Dədə Qorqud, Aşıq Ələsgər, Aşıq Alı, Hüseyn Bozalqanlı, Hüseyn Saraçlı və Aşıq Ədalət Nəsibov kimi sənətkarlar yalnız ustad aşıq deyil, həm də mənəvi simvol kimi qəbul ediliblər. Məruzədə aşıqların özlərini müəyyən ustad məktəblərinin davamçısı kimi təqdim etməsinin sənət genealogiyasının və kollektiv yaddaşın qorunmasına xidmət etdiyi vurğulanıb.
Günel Cənnətova isə Joseph Campbellin monomif nəzəriyyəsinin türk qəhrəmanlıq dastanlarına tətbiqini araşdırıb. “Kitabi-Dədə Qorqud”, “Alpamış” və “Maaday Qara” dastanları əsasında ayrılma, inisiasiya və geri dönüş mərhələləri təhlil olunub. Bamsı Beyrək və Alpamış obrazlarının keçdiyi sınaqlar qəhrəmanın səyahəti modelinin nümunəsi kimi təqdim edilib. Məruzədə türk dastan qəhrəmanları ilə Herakl və Odissey kimi yunan mifoloji obrazları arasında paralellər də aparılıb.
Seminarda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.