Almaniyada vətəndaşlığa qəbul olunanların sayı rekord həddə çatıb
Berlin, 3 iyun, AZƏRTAC
Almaniyada ötən il vətəndaşlığa qəbul olunanların sayı rekord həddə çatıb.
AZƏRTAC xəbər verir ki, Almaniya Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, ötən il 332 min 500 əcnəbi Almaniya vətəndaşlığı alıb.
Bu göstərici 2024-cü illə müqayisədə 14 faiz və ya 40,5 min nəfər çoxdur. Almaniyada 2000-ci ildən bu sahədə aparılan statistikanın tarixində ilk dəfə olaraq bir il ərzində 300 mindən çox insan Almaniya vətəndaşlığına qəbul olunub.
Almaniya vətəndaşlığını əldə edənlər arasında ən böyük qrupu suriyalılar təşkil ediblər. 2025-ci ildə 65 min 600 Suriya vətəndaşı Almaniya vətəndaşlığına qəbul olunub. Bu, əvvəlki illə müqayisədə 21 faiz azdır. Bununla yanaşı, siyahıda Türkiyə (34,1 min nəfər) və Rusiya vətəndaşları (19,7 min) ilk üçlükdə yer alıblar. Hər iki qrup üzrə göstərici əvvəlki illə müqayisədə 51 faiz artıb.
Məlumata görə, 2025-ci ildə Almaniya vətəndaşlığının alınması üçün ümumilikdə 467 min 400 müraciət qeydə alınıb. Həmin il yekunlaşdırılmış 371 min 100 müraciət üzrə prosedurun 90 faizi və ya təxminən 332,5 mini müsbət nəticələnib. Müraciətlərin 5 faizi geri götürülüb, cəmi 3 faizi isə rədd edilib.
Vətəndaşlığa qəbul olunan şəxslərin Almaniyada orta yaşayış müddəti 12,4 il təşkil edib. Suriyalılar orta hesabla 7,9 il, Türkiyə vətəndaşları isə 24,1 il ölkədə yaşadıqdan sonra Almaniya vətəndaşlığı əldə ediblər. Ötən il vətəndaşlığa qəbul edilənlərin 72 faizi Almaniyada azı beş il yaşayan şəxslər olub. Daha 19 faiz isə həyat yoldaşları və övladları ilə birlikdə sadələşdirilmiş qaydada vətəndaşlıq alıb.